Ermənistan son həftələrdə Azərbaycana qarşı təcavüzkar ritorikanı artırıb
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
Ermənistanın son həftələrdə Azərbaycana qarşı təcavüzkar ritorikanı artırması, 5 və 20 mart tarixlərində silahlı qüvvələrimizə qarşı təxribatlara yol verməsi və bölgəyə əlavə qüvvələr yığması bir faktdır. Həm 30 illik işğal dövründə, həm də 2020-ci ildən sonra Ermənistanın hər təxribata hazırlaşmazdan əvvəl bütün məsuliyyəti Azərbaycanın üzərinə atması və təxribatlara yol verməsi hər kəsə məlumdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə martın 30-da Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavabında deyib.
“Baş nazirin Azərbaycanın etnik təmizləmə və “soyqırımı” aktı törətmək niyyətində olması barədə növbəti dəfə səsləndirdiyi absurd fikirlərə gəldikdə qeyd edək ki, Azərbaycan tarix boyu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların qarşılığında heç zaman mülki əhalini hədəf almayıb. Ermənistanın terror və kütləvi qırğın siyasəti və əməlləri bütün sənədlərlə tarixin yaddaşına həkk olunub və bunu danmaq Ermənistanın bu əməllərdən imtina etmədiyini sübut edir. Ermənistan tərəfinin bu təhrikçi və təxribatçı bəyanatları bölgədə sülhün bərqərar olunması istiqamətində beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətindən xəbər verir və bu kimi addımların qarşısı qətiyyətlə alınmalıdır”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.
Xəbərin mətnində orfoqrafik səhv var