ORDU
Ermənistan tərəfi razılaşmanın şərtlərini növbəti dəfə pozmağa çalışır VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Ermənistan mətbuatının qoşunların təmas xəttində guya Azərbaycan tərəfindən təxribat törədilməsi və cəbhənin şimal istiqamətində iki erməni hərbçisinin yaralanmasına dair yaydığı məlumatlar hərbi əməliyyatların dayandırılması barədə razılığın kobud surətdə pozulmasına hesablanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığa əsəsən, döyüş meydanında qalmış meyitlərin axtarılaraq çıxarılması prosesi aprelin 19-da səhər saatlarında məhz cəbhənin həmin hissəsində həyata keçirilməlidir. Qarşı tərəf belə məlumatları yaymaqla razılaşmanın şərtlərini növbəti dəfə pozmağa, adlarını açıqlamadıqları itkilərini gizlətməyə və prosesləri uzatmaq üçün zəmin yaratmağa çalışır.
“Düşmənin məqsədyönlü şəkildə yaydığı bu xəbərin əsası yoxdur. Ötən sutka ərzində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir əməliyyat fəaliyyəti həyata keçirilməyib. Qoşunlarımız yalnız atəşkəs rejimini pozan düşmən bölmələrinin mövqelərinə cavab zərbələri endirib. Xəbərdə yer alan erməni hərbçilərinin yaralanması hadisəsinin isə intizamsızlıq və qarşılıqlı münasibətlərin pozulması nəticəsində baş verdiyi məlum olub”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.