SİYASƏT


Ermənistan tərəfindən Gəncəyə edilən raket hücumu nəticəsində həlak olanların xatirəsi Qazaxıstanda da anılıb

Nur-Sultan, 19 oktyabr, AZƏRTAC 

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də növbəti dəfə raket atəşinə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Qazaxıstandakı səfirliyinin binasının önündə guşə yaradılıb.

AZƏRTAC xəbər verir ki, guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin hədəfə alınması nəticəsində həlak olan vətəndaşlarımızın fotoları, bu qanlı terror aktlarının ağır nəticələrinə dair şəkillər və məlumatlar nümayiş etdirilir.

Qazaxıstanda yaşayan çoxsaylı soydaşlarımız, yerli sakinlər, ictimai xadimlər bu hücumun qurbanlarını yad etmək məqsədilə səfirliyin binasının qarşısına gələrək gül-çiçək, uşaq oyuncaqları qoyur, başsağlığı verir və yaralılara şəfa diləyirlər.

Mərasimdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribat nəticəsində cəbhədə başlayan döyüşlərə görə məsuliyyətin işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Azərbaycanın bir sıra rayon və şəhərlərində mülki əhali və mülki infrastrukturun ermənilər tərəfindən raket atəşinə məruz qoyulduğunu diqqətə çatdıran diplomat Gəncəyə növbəti dəfə raket atılması nəticəsində mülki insanların həlak olması və yaralanmasını, ölkəmizin ikinci ən böyük şəhərində böyük dağıntıların törədildiyini diqqətə çatdırıb.

Səfir bildirib ki, Azərbaycan Ordusu öz vətəndaşlarını qorumaq üçün Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alıb və cavab zərbəsi ilə əks-hücuma keçərək işğal altındakı torpaqlarımızı azad etməyə başlayıb.

Tədbir zamanı videoproyektor vasitəsilə Ermənistanın Gəncəyə raket hücumunun nəticələrini əks etdirən sənədli film nümayiş olunub.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.