SİYASƏT
Ermənistan tərəfindən törədilən təxribatlar onun təcavüzkar siyasətini nümayiş etdirir
Bakı, 14 iyul, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı məlum qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan tərəfindən cəbhə xəttində mütəmadi olaraq törədilən təxribatlar onun təcavüzkar siyasətini açıq şəkildə nümayiş etdirir.
İyulun 12-də Ermənistan işğalçı qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısı Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmləsi nəticəsində qətiyyətlə alınıb. Azərbaycan Ordusu işğalçı Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında qeyd etdiyi kimi, bu hadisəyə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov söyləyib. Deputat qeyd edib ki, işğalçı tərəf mütəmadi olaraq atəşkəsi pozur, təxribatlara əl atır. Beynəlxalq təşkilatların, dünyanın böyük dövlətlərinin buna biganə yanaşması, təbii ki, birmənalı qarşılana bilməz. Ermənistan bu təxribatlarla beynəlxalq təşkilatların diqqətini Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən yayındırmağa, Azərbaycana qarşı həyata keçirdiyi işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir.
M.Həsənov vurğulayıb ki, dünyanın koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsinə diqqət yönəltdiyi, birgə səylər göstərilməsinə çağırışlar edildiyi bir zamanda Ermənistanın təxribatla məşğul olması birmənalı qarşılana bilməz: “Ermənistan Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməkdən imtina etdi. Halbuki bu ölkədə koronavirus daha çox yayılıb, ən əsası isə hökumət bu xəstəliyin qarşısını almaqda acizdir. Reallıq budur ki, Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, azad sözə qarşı repressiyaların tətbiq edilməsi və s. reallıqlar Nikol Paşinyan hakimiyyətini çox mürəkkəb vəziyyətə salıb. Görünür, işğalçı dövlət bu kimi məqamlardan, daxili problemlərdən diqqəti yayındırmaq üçün cəbhə xəttində növbəti təxribat törətməyi çıxış yolu hesab edib. Amma unudur ki, bu, təcavüzdür, güc tətbiq etmək aktıdır”.
“Dövlətimizin başçısı İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi bu gün xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Artıq beynəlxalq birlik bilir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbə qazanacağı şübhəsizdir”, - deyə deputat qeyd edib.