SİYASƏT


Ermənistan və Azərbaycan arasındakı növbəti atəşkəs razılaşması Yaponiya KİV-lərinin də diqqət mərkəzindədir

Tokio, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Vaşinqtonda ABŞ hökumətinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda döyüşlərdə əldə edilən növbəti humanitar atəşkəs barədə razılaşma Yaponiya KİV-lərinin də diqqət mərkəzindədir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Yaponiyanın mərkəzi NHK telekanalı, JIJI PRESS informasiya agentliyi, “Nikkei” və “Tokyo” kimi nüfuzlu qəzetləri oktyabrın 24-də və 25-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin vasitəçiliyi, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə aparılan danışıqlar barədə ətraflı məlumatlar yayıblar. Bildirilir ki, həmin danışıqlar nəticəsində oktyabrın 26-da yerli vaxtla səhər saat 8-dən növbəti humanitar atəşkəsin əldə edilməsi barədə razılaşma əldə olunub.

Diqqətə çatdırılıb ki, ABŞ Dövlət Departamenti, Azərbaycan və Ermənistan hökumətləri oktyabrın 24-də növbəti atəşkəs barədə birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, tərəflər arasında humanitar atəşkəs həftənin birinci günü yerli vaxtla səhər saat 8-də qüvvəyə minəcək.

Digər bəyanatda isə iki ölkənin Xarici İşlər nazirlərinin oktyabrın 29-da İsveçrənin Cenevrə şəhərində ABŞ, Rusiya və Fransa nümayəndələri ilə birlikdə münaqişənin sülh yolu ilə həlli məqsədilə danışıqları yenidən davam etdirmək üçün görüşəcəkləri barədə razılığın əldə olunduğu bildirilib.

Məqalələrdə Azərbaycan və Ermənistanın Rusiyanın vasitəçiliyi ilə əvvəllər əldə olunmuş iki atəşkəs razılaşmasına əməl etmədikləri də əksini tapıb.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsinin xatırladıldığı yazılarda dövlətimizin başçısının müharibənin dayanması üçün Ermənistan ordusunun işğal etdiyi ərazilərdən tamamilə çıxması barədə fikirləri də yer alıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.