DÜNYA
Ermənistan vətəndaşı Çelyabinskdə ona basqın edilməsi barədə polisə yalan məlumat verib
Moskva, 21 iyun, AZƏRTAC
Rusiyanın Çelyabinsk şəhərində 35 yaşlı Ermənistan vətəndaşı ona basqın edilməsi barədə polisə yalan məlumat verib. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, o, borclarını qaytarmaq istəmədiyi üçün hadisəni özü uydurub.
Rusiya DİN-in Çelyabinsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan vətəndaşı ona iki nəfərin basqın etməsi və 975 min rubl, 25 min dollar və 50 min rubl dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə şikayət ərizəsi yazıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı “Quldurluq” maddəsi ilə cinayət işi qaldırıblar. Şəhərdə basqınçıların axtarışı üçün əməliyyat tədbirlərinə başlanıb. Lakin sonradan hadisənin uydurma olduğu ortaya çıxıb.
Yerli KİV-lərin yazdığına görə, adı açıqlanmayan Ermənistan vətəndaşı Rusiya hüquq-mühafizə orqanların diqqətini bundan əvvəl də cəlb edib. Bir müddət əvvəl onun barəsində avtomobil təmiri adı ilə 100 min rubl oğurlaması ilə əlaqədar “Dələduzluq” maddəsi ilə cinayət işi açılıb, ölkəni tərk etməsinə qadağa qoyulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva