SİYASƏT


Ermənistana dəstək verən ölkə haqq-ədalətə qarşı çıxmaqla terrora dəstək vermiş olur

Bakı, 22 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

İşğalçı Ermənistan 30 ilə yaxındır ki, torpaqlarımızı işğal edib. Bu müddət ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması üçün davamlı səy göstərib. Lakin təcavüzkar Ermənistan və onun bu müddət ərzində hakimiyyətdə olmuş rəsmiləri yaranmış vəziyyətin qeyri-müəyyən müddətə uzadılması üçün müxtəlif manipulyasiyalar ediblər. Biz erməni təxribatlarının dəfələrlə şahidi olmuşuq. Bu təxribatlar Sorosun layihəsi olan Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra isə daha intensiv xarakter almağa başlayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

C.Osmanov diqqətə çatdırıb ki, Paşinyan Sorosun maliyyəsi və təlimatları ilə oturub-duran biri olduğu üçün dağıdıcılıq bu şəxsin əsas amalına çevrilib. Eyni zamanda, Paşinyan xəyanətkar biridir və məlum məsələdir ki, Ermənistan özünü bütün siyasi hakimiyyətlər dövründə bir əyalət kimi aparmağa daha çox üstünlük verirdi.

Deputatın sözlərinə görə, NATO ilə yanaşı, Ermənistanın Avropanın bir çox ölkələri ilə, eləcə də Almaniya, Polşa, Yunanıstan, Fransa və İtaliya ilə ikitərəfli hərbi əməkdaşlıq əlaqələrini genişləndirməyə cəhdlər etməsi, Paşinyanın elə ilk günlərdən anti-Rusiya mövqeyi tutması onun xəyanətkar biri olmasından xəbər verirdi. Əslində isə Paşinyan bu “siyasəti” ilə təkcə özünün deyil, ümumilikdə, ermənilərin xəyanətkar xislətdə olmalarını nümayiş etdirmiş oldu. Bu, bir daha bütün dünyaya göstərdi ki, erməninin dostu olmur və demək olar ki, onların mayası xəyanətlə yoğurulub. İyul ayında və ondan sonrakı ötən dövr ərzində Tovuz sərhədində, eləcə də təmas xəttinin müxtəlif istiqamətlərində baş verənləri bu təxribatların pik həddi hesab etmək olar. Bundan əlavə, Paşinyanın Cıdır düzünə gələrək sərxoş halda rəqs etməsi, onun “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatı, ümumilikdə Azərbaycan dövlətinin və xalqının səbir kasasının daşmasına gətirib çıxardı. Bu il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı onlara baha başa gəldi. Ermənistanın hərbi-siyasi rəhbərliyi etdiklərinin qarşılığını çox ağır formada almaqdadırlar və bu, onlar üçün çox sarsıdıcı və ömürboyu unutmayacaqları bir dərs olacaq. Görünür, Ermənistan tərəfi o xülya ilə yaşayırmış ki, Azərbaycan 90-cı illərin Azərbaycanıdır. Bu xülyaya qapılmaqları isə onları yanıltmış oldu. Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox böyük bir inkişaf yolu keçərək güclü iqtisadiyyata və güclü orduya sahib olub. Bu vaxta qədər Azərbaycan dövlətinin gücü haqqında nəzəri qaydada söylənilənləri, belə demək mümkündürsə, praktik cəhətdən hər bir vətəndaş, eyni zamanda, bütün dünya bu günlərdə görməkdədir. Acı məğlubiyyət yaşayan Ermənistan rəsmiləri də artıq son günlərdəki açıqlamalarında Azərbaycanın çox güclü olduğunu etiraf edərək Azərbaycan Ordusunun gücünü fövqəldövlətlərin gücü ilə müqayisə etmək məcburiyyətində qalıblar. Çünki onlar bu ağır məğlubiyyət və misilsiz itkilərdən sonra erməni ictimaiyyətinə cavab vermək məsuliyyəti daşıyırlar. Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatların elə ilk günündən çox böyük səhv etdiyini anlayıb və müxtəlif ölkə rəhbərlərini özünün yersiz telefon zəngləri ilə zəhləsini tökməyə başlayıb. Ermənistanda da çox yaxşı başa düşürlər ki, bu, onlar üçün heç də yaxşı sonluq vəd etmir. Odur ki, erməni lobbiləri və keçmiş ölkə rəhbərliyində olan şəxslər növbəti hiylələrə əl ataraq müxtəlif beynəlxalq təşkilatların və bəzi Avropa ölkələri başçılarının qapılarında kömək dilənmək üçün növbəyə dayanmaqdadırlar. Ancaq unudurlar ki, Ermənistan dövlətinin təcavüzkar dövlət olmaqla yanaşı, mülki şəxslərin və günahsız uşaqların qatili olduğunu artıq dünya ictimaiyyəti çox yaxşı bilir. Əgər hər hansı bir ölkə Ermənistana bu və ya digər formada dəstək vermiş olsa, haqq-ədalətə qarşı çıxmaqla terrora dəstək vermiş olacaq.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dövlətinin heç kimin bir qarış torpağında gözü yoxdur və öz əzəli torpağını da kimlərəsə güzəştə getmək fikri də yoxdur. Hesab edirəm ki, müzəffər Azərbaycan Ordusu cənab Ali Baş Komandanımızın qətiyyətli iradəsi altında yaxın günlərdə üçrəngli bayrağımızı Şuşada, Xankəndidə, bir sözlə, Qarabağın hər bir kəndində yüksəldəcək. Düşmən tərəf, eyni zamanda, ona havadarlıq etmək istəyənlər onlar üçün ağır da olsa, artıq anlamalı və qəbul etməlidirlər ki, Qarabağ Azərbaycandır və nida”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.