DÜNYA
Ermənistanda əsaslı islahatlar aparılması reallıqdan çox uzaqdır
Bakı, 19 mart, AZƏRTAC
Bu gün Ermənistanda əsaslı islahatlar aparılması reallıqdan çox uzaqdır. Nə qədər ki, ölkədə siyasi və ictimai nəzarət mexanizmi işləməyəcək, demokratiyanın inkişafı da boş xülya olaraq qalacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ermənistanın 1in.am saytı yayıb.
Saytda dərc olunan yazıda bildirilir ki, Ermənistan ordusunda ölənlərin sayı müxtəlif qəzalarda həyatlarını itirən insanlardan dəfələrlə çoxdur. Qeyd olunur ki, martın 15-də əsgər Edqar Eremyan naməlum şəkildə qətlə yetirilib. Qətlin araşdırılması üçün istintaq qrupu yaradılsa da, obyektiv faktların üzə çıxarılması ehtimalı çox azdır.
Saytın verdiyi məlumata görə, orduda ölənlərin statistikasını araşdırdıqda məlum olur ki, əsgərlər arasında ölüm halları atəşkəsin pozulması nəticəsində deyil, hərbi hissələrdəki kriminal insidentlər nəticəsində baş verir.
Ölən əsgər Edqar Eremyanın ailəsi 1in.am saytına bildirib ki, onlar övladlarını dövlətin ordusuna etibar etsələr də, ordu rəhbərliyi onu qorumayıb, əksinə ölümünə bais olub. Erməni KİV-lərində vurğulanır ki, vətənpərvərlik şüarları yalnız Ermənistan vətəndaşlarını aldatmaq üçün vasitədir. Ölkənin ali qanunverici orqanı isə Ermənistan ordusunda və ictimai-siyasi həyatında baş verən özbaşınalıqdan və neqativ hallardan yaxasını hər vəchlə kənara çəkməyə çalışır.
Bundan başqa, Ermənistanda keçirilən son prezident seçkilərinin saxta olduğunu iddia edən sayt məsələnin həlli yolunu Azərbaycanla münaqişəyə son qoyulmasında görür. Haqqında söhbət gedən yazıda qeyd olunur ki, Ermənistan yalnız sülh əldə olunduqdan sonra institusional islahatları həyata keçirə bilər.