SİYASƏT


Ermənistanda keçirilən seçkilərin nəticəsi sübut etdi ki, regionda Prezident İlham Əliyevin yaratdığı reallıqdan başqa reallıq mövcud deyil

Bakı, 22 iyun, AZƏRTAC

Ermənistanda gözlənilən növbədənkənar parlament seçkiləri yekunlaşdı və baş nazir funksiyasını yerinə yetirən Nikol Paşinyan qalib gəldi. Məsələyə seçkilərin nəticəsinin geniş və daha dərin təhlili baxımından yanaşsaq, əminliklə deyə bilərik ki, regionda Prezident İlham Əliyevin yaratdığı reallıqdan başqa reallığın mövcud olmadığı bir daha sübuta yetirildi.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib: “Hər şeydən əvvəl vurğulanmalıdır ki, Azərbaycanın Ermənistanın işğalçılıq siyasəti üzərindəki Qələbəsi, sadəcə, 44 günlük Vətən müharibəsinin nəticəsi deyil. Bu, həm də uzun zaman çəkilən əziyyətin, yürüdülən düşünülmüş, hərtərəfli və sistemli siyasətin nəticəsidir. Prezident İlham Əliyev dünyanın siyasi arenasına və nizamına yaxından bələd olan bir siyasi xadim, onun bütün nəzəri və praktiki aspektlərinə hakim olan mahir diplomat kimi bu istiqamətdə nəticəyönümlü işləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük ustalıqla icra edirdi. Dünyada gücün beynəlxalq hüquqdan daha üstün olduğu reallığını nəzərə alan dövlətimizin başçısı hər zaman bildirirdi ki, biz güclü olmalıyıq. Güclü olmaq isə, heç şübhəsiz, güclü iqtisadiyyatdan keçir. İqtisadiyyatımızı dirçəldərək Azərbaycanı regionun aparıcı aktoruna, bütün regional və beynəlxalq layihələrin bir hissəsinə çevirən Prezident İlham Əliyev nəticə etibarilə Ermənistanı elə bir dalana saldı ki, işğalçı ölkə sonda iqtisadi blokadaya düşmüş dövlətə çevrildi. Azərbaycan meqalayihələrin təşəbbüskarı və icraçısı qismində çıxış edərkən, Ermənistan hər keçən gün uçuruma yuvarlanırdı. Bu baxımdan deyə bilərik ki, bu gün Ermənistanda baş verən siyasi xaos, iqtisadi tənəzzül, psixoloji məğlubiyyət sindromu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi siyasətin nəticəsidir”.

Ş.Həsənova əlavə edib ki, Ermənistan tənəzzülə uğradıqca, Azərbaycan regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi. Bu illər ərzində Ermənistan mövcud reallıqları bir dəfə də düzgün dəyərləndirə bilən, xarici dairələrin maraqlarını yerinə yetirməyə deyil, xalqı düçar olmuş səfalətdən çıxarmağa çalışan bir lider yetişdirə bilmədi. Ermənistan liderlərindən fərqli olaraq, Prezident İlham Əliyev hansısa dairələrin diktəsi ilə deyil, milli maraqlarımızı üstün tutaraq müstəqil siyasət həyata keçirir, beynəlxalq siyasi arenasında prinsipial mövqeyi ilə seçilir, dünya birliyi tərəfindən yüksək nüfuza malik siyasi xadim kimi qəbul olunur. Ermənistan hər keçən gün xarici yardımdan asılı vəziyyətə düşürdüsə, Azərbaycanın həyata keçirdiyi fəal və müdrik diplomatiya Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verdi. Ermənistanın işğalçılıq üzərinə qurulan siyasəti ən yüksək beynəlxalq kürsülərdən ifşa olunur, dövlətimizin başçısı faktiki olaraq onların kürəyini yerə vururdu. Getdikcə Ermənistan beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində öz havadarlarının dəstəyi ilə əvvəlki dövrdə qazandıqları üstünlükləri itirdi. Bütün bunları görən və sosial-iqtisadi problemlər içində boğulan xalq ayağa qalxdı, R.Köçəryan-S.Sarkisyanın simasında insanların beynini zəhərləyərək onlara düşmənçilik aşılayan revanşist qüvvələri tarixin tozlu səhifələrinə göndərdi. Xalq etdiyi seçimlə onların yerini onlara göstərdi.

Prezident İlham Əliyevin “Köçəryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” fikirləri bir daha təsdiq etdi ki, dövlətimizin başçısı cəlladlar R.Köçəryan və S.Sarkisyanı təkcə hərb meydanında deyil, həm də siyasi arenada məhv etdi. Seçkilərin nəticəsi bir daha bunu deməyə əsas verir. Belə ki, ermənilər cani Köçəryana "yox" dedilər. Xalq hakimiyyətdə nə Sarkisyanı, nə də Köçəryanı görmək istəmir. Köçəryan kimi bir caninin hakimiyyətə iddiasının qarşısının alınması həm erməni xalqı, həm də region üçün müsbət hadisədir. Bununla da xalq müharibəyə, revanşist fikirlərə və Qarabağ avantürasına “yox” dedi. Xaricdən hər cür dəstək alsa da, Köçəryan hakimiyyətə qayıda bilmədi. "Ermənistan" blokunun rəhbəri, cani, korrupsioner, əli azərbaycanlıların qanına batmış Robert Köçəryanın bütün çirkin planları məhv oldu. Bunu məhv edən isə Azərbaycan Prezidenti İlham Əliyevin səbri, əzmi, iradəsi, mükəmməl şəxsi keyfiyyətləri və nüfuzudur.

Politoloq vurğulayıb ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusuna məğlubiyyət Sarkisyan rejiminin sonu oldusa, 2020-ci il müharibəsində məğlubiyyət revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi. Bu gün, əslində, Ermənistanda yaşanan xaos, sadəcə, müharibədə məğlub olmağın yox, illərlə erməni insanının təcrid siyasətindən əziyyət çəkərək sosial vəziyyətlərinin ağırlaşmasının da əyani təzahürüdür. Bu baxımdan Ermənistan artıq dərk etməlidir ki, işğalçılıq siyasətinin nəticəsi necə olur. Paşinyan 2020-ci il 10 noyabr Bəyanatına imza atmış şəxsdir və o, artıq müharibənin onlara nə verdiyini gözəl bilir. Azərbaycanın gücünü və qüdrətini hər kəs görür. Eyni zamanda, Türkiyə dövlətinin nüfuzu, gücü bütün dünyaya bəllidir. Bu reallıqlar kontekstindən çıxış edərək Ermənistan da Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışmalıdır. Zəngəzur dəhlizi məsələsində konkret addımlar atmalıdır. Bu da erməni xalqına və regiona müsbət dividendlər qazandıracaq. Nəqliyyat dəhlizlərinin açılması, iqtisadiyyatın dirçəlməsi nəticəsində güzəranı yaxşılaşan Ermənistan dərk edəcək ki, firavan gələcək qonşu ölkələrlə əməkdaşlıqdan keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.