DÜNYA
Ermənistanda kimya zavodundakı yanğın işğalçı ölkənin fövqəladə hallara hazır olmadığını göstərir
Bakı, 29 avqust, AZƏRTAC
Ermənistanda meşə yanğınlarından sonra ölkənin strateji müəssisələrindən olan “Nairit” kimya zavodunda baş verən partlayış işğalçı ölkənin fövqəladə hallara hazır olmadığını ortaya çıxarıb. Belə ki, zavoddakı yanğın on saat ərzində söndürülüb.
Xatırladaq ki, avqustun 28-də saat 14:00 radələrində “Nairit” kimya zavodunun bloklarının birində güclü partlayış baş verib. Müəssisənin bu sektorunun fəaliyyəti yeddi il əvvəl dayandırılıb. İlkin ehtimallara görə, partlayışa çənlərdə saxlanılan etinol maddəsi səbəb olub. Ona görə də əraziyə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını almaqda aciz qalıblar. Yalnız günün sonuna yaxın qismən söndürülüb.
Xilasetmə xidmətinin rəisi Muşeq Kazaryanın sözlərinə görə, zavod fəaliyyət göstərmədiyi üçün xəsarət alan olmasa da, kimya zavodunun yaxınlığında yaşayanlar arasında xəstəxanalara müraciət edənlər olub. Yanğının yaratdığı tüstü qatı onların zəhərlənməsinə səbəb olub. Yanğının söndürməsi zamanı isə üç yanğınsöndürən yanıq xəsarətləri ilə tibb mərkəzinə yerləşdirilib.
Ərazidə fövqəladə vəziyyət hələ də davam edir. Radioaktiv, kimyəvi və bioloji monitorinq mərkəzinin rəisi Valeri Baveyan yanğından sonra havanın çirkləndiyini açıqlayıb. Bu səbəbdən əhaliyə evdən çıxmamaq və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.
“Nairit” kimya zavodunun sabiq direktoru Karen İsraelyan müəssisədə on il əvvəl də etanol çənlərinin partladığını bildirib. O, bunu zavodun istismara yararsız olması ilə əlaqələndirib.