DÜNYA


Ermənistanda kütləvi etiraz aksiyaları davam edir

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan tarixi Qələbənin sevincini, Ermənistan isə məğlubiyyətin acısını yaşayır. İrəvanda Ermənistan müxalifətinin mitinqi keçirilib. Artıq həbslər başlayıb. Həbs olunanlar arasında “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyan da var.

AZƏRTAC xəbər verir ki, 17 partiyanın iştirakı ilə keçirilən mitinqdə etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər. Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, aksiya iştirakçılarının bəzilərini saxlayıb. Saxlanılanlar arasında “Respublika” partiyasından Eduard Şarmazanov, Boqdan Baqdasaryan, Korena Açemyan da var. Etirazçıların kim olmasından asılı olmayaraq polis onlara şiddət göstərir. Ermənistan baş prokurorluğunun açıqlamasında deyilir ki, hazırda ölkədə hərbi vəziyyətdir və buna görə də belə iğtişaşlar, mitinqlər yolverilməzdir. Aksiya iştirakçıları isə paytaxtın mərkəzindən çəkilmək istəmirlər. Son məlumatlarda müxalifət lideri, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyanın da həbs edildiyi bildirilib. Gecə də İrəvan küçələrindən etirazçıları təmizləmək mümkün olmayıb. Etirazçılar paytaxtın 3 əsas küçə və prospektində - Prezident iqamətgahı, parlament binası və hökumət evinin yerləşdiyi Azadlıq meydanında hərəkəti tam dayandıraraq şəhəri iflic vəziyyətinə salıblar. Narazı kütlə arasında deputatlar və tanınmış ziyalılar da var. Bəzi mənbələrin məlumatına görə, Paşinyanın ətrafında olan məmurlardan da bəziləri etirazçılara qoşulub. Bunlar arasında 3 gün əvvəl Ermənistan milli təhlükəsizlik xidmətinin rəisi təyin edilən Armen Abazyanın da adı hallanır. Deputat, “Çiçəklənən Ermənistan” partiyasının sədr müavini Naira Zöhrabyan bildirib ki, Ermənistanda təcili növbədənkənar parlament seçkiləri keçirilməlidir. O qeyd edib ki, yaranmış vəziyyətdən çıxış yolu baş nazir Nikol Paşinyanın və prezident Armen Sarkisyanın istefasıdır. Əks təqdirdə, yaranmış vəziyyətə görə bütün məsuliyyət hazırkı rəhbərliyin üzərinə düşür.

Narazı və hiddətlənmiş erməni xalqından qaçıb bunkerlərdə gizlənməyə çalışan Ermənistanın müdafiə naziri David Tonoyan isə factor.am portalına verdiyi müsahibəsində acı məğlubiyyəti etiraf edib: “Etiraf edirəm ki, Azərbaycan tərəfi daha müasir, daha güclü silahlarla təchiz olunub. Hətta deyə bilərəm dünyanın ən müasir silahlarından istifadə edirdi. Xüsusən də bu, hava hücumundan müdafiə sistemində daha açıq aşkar hiss olunurdu. Əgər siz məndən soruşsanız ki, Ermənistan niyə bu cür silahlarla təmin olunmayıb mən deyərdim ki, biz iqtisadi cəhətdən o cür səviyyəyə çatmamışıq. Döyüş başladığı ilk günlərdə mən ali baş komandana bildirmişdim ki, bizim ordumuz müasir silahla təchiz olunmuş Azərbaycan Ordusu qarşısında çox tab gətirməyəcək. Müdafiə naziri kimi əlimdən gələni etdim. Əgər döyüşlər bir neçə gün də davam etsəydi biz daha acınacaqlı vəziyyətlə üzləşəcəkdik. İtkilərin sayı ay yarımda olan hesablardan qat-qat daha çox olacaqdı”. O, həmçinin qeyd edib ki, ən optimal variant müharibənin dayanması idi. Qarşı tərəf bütün istiqamətlərdə bizi üstələyirdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.