DÜNYA
Ermənistanda müxalifət bir sıra hökumət binasına aparan yolları bağlayıb
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də ölkənin sabiq prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinə etiraz edən müxalifət fəalları Ermənistanın bir sıra hökumət binalarına aparan yolları bağlamağa başlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda aksiya iştirakçıları Baş Prokurorluğun, Xarici İşlər Nazirliyinin, Diasporun və Dövlət Gəlirləri Komitəsinin binasının qarşısını kəsiblər.
Müxalifət lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkədə “məxməri inqilabın” başladığını deyib. Yerevanın əsas küçələri etirazçılar tərəfindən bağlanıb, polis Serj Sarkisyanın baş nazir postuna seçilməsi məsələsinin müzakirə olunduğu parlament binasına tərəf qüvvə toplayır. Parlamentin xüsusi iclasının davam etdiyi bildirilir.
Paşinyan müxalifətin mitinqinin Fransa meydanından hökumət binasının qarşısında yerləşən Respublika meydanına keçiriləcəyini deyib. Onun sözlərinə görə, saat 18:30 təyin olunan mitinq Ermənistan tarixində ən izdihamlı aksiya olacaq.