SİYASƏT


Ermənistandakı cinayətkar rejimin əməllərinə göz yuman beynəlxalq təşkilatların ədalətdən danışmağa mənəvi haqları yoxdur

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında olduqca mühüm məsələlərə toxundu. Dövlət başçısı, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsindən bəhs edərək Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını vurğuladı. Bildirdi ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Azərbaycan münaqişənin dinc yolla həlli prinsipinə sadiqlik nümayiş etdirir. Bununla yanaşı, münaqişənin tənzimlənməsi prosesində Azərbaycan haqlı mövqelərinin qorunmasında israrlıdır. Nəzərə almaq lazımdır ki, 20 ildən artıq Ermənistanda hakimiyyəti gücə və zorakılığa əsaslanaraq əldə saxlamış cinayətkar siyasi qruplaşmanın devrilməsi nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyan da öz siyasi oyunlarını Dağlıq Qarabağ üzərindən oynamağa cəhd edir. Belə ki, sələflərinin təcrübəsindən faydalanan Paşinyan da münaqişə vəziyyətindən istifadə edərək hakimiyyətdəki mövqelərini möhkəmləndirməyə çalışırdı. Məsələn, o, Azərbaycanın işğal altında olan ərazilərinə ardıcıl qanunsuz səfərlər etməklə yanaşı, danışıqlarda da qondarma “Dağlıq Qarabağ respublikası”nın tərəf kimi iştirakının vacibliyi ilə bağlı sərsəm fikirlər səsləndirirdi. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bunu qətiyyətlə rədd edib və bunun mümkünsüzlüyünü işğalçı tərəfə aydın şəkildə çatdırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşad Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, artıq Ermənistan rəhbərliyi belə sərsəm “ideyalar”la çıxış etmir, danışıqlar tərəfi yalnız Azərbaycan və Ermənistandır. Yeri gəlmişkən, Prezident həm də Avropa Şurası, Avropa Parlamenti və beynəlxalq təşkilatların Ermənistanla bağlı nümayiş etdirdikləri mövqe ilə bağlı fikirlərini bildirdi. Həqiqətən də qeyd olunan instansiyalar tərəfindən uzun illər Ermənistandakı cinayətkar rejimin əməllərinə göz yumulduğunu, hətta onun açıq-aşkar dəstəkləndiyini sübut etmək üçün əlavə arqumentlərə ehtiyac yoxdur. Məsələn, 1999-cu ilin oktyabrında Ermənistan parlamentində törədilmiş terror aktında rəhbərliyin birbaşa əlinin olduğu şübhəsizdir. Həmin dövrdə terrorçularla danışıqlarda birbaşa dövlət başçısı Robert Koçaryan iştirak etmişdi ki, bu da törədilmiş hadisənin elə onun özünün siyasi sifarişi olduğunu dəqiq sübut edirdi. Hadisədən sonra da terror aktının törədilməsinin hakimiyyətin siyasi sifarişi olması ilə bağlı kifayət qədər dəlillərin olmasına baxmayaraq, beynəlxalq təşkilatlar buna obyektiv siyasi və hüquqi qiymət vermədilər. R.Koçaryandan sonra hakimiyyəti zəbt etmiş S.Sarkisyan da dövlət idarəçiliyində kriminal elementlərə üstünlük vermişdi və hərbi-cinayətkar rejim formalaşdırmışdı. S.Sarkisyanın hakimiyyəti dövründə xalqla hakimiyyət arasında uçurum yaranıb, seçkilər kobud və aşkar şəkildə saxtalaşdırılıb. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında toxunduğu məqamlardan biri də məhz bu oldu. Daim ədalətdən dəm vuran Avropa Şurası, Avropa Parlamenti və beynəlxalq təşkilatlar cinayətkar Sarkisyan rejiminin saxtakarlıq edərək özünə 50 faizdən çox səs yazmasına göz yummuşdur. Həmin təşkilatlar Sarkisyanın cinayət əməllərinə göz yummaqla onun törətdiyi cinayətlərə şərik olublar. Həqiqətən də istər Ermənistan hakimiyyəti, istərsə də müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları öz fəaliyyətlərində həmişə rüşvət yolu ilə ələalma taktikasına istinad ediblər. Ona görə də uzun illərdən bəri Ermənistandakı cinayətkar rejimin əməllərinə göz yummuş beynəlxalq təşkilatların ədalətdən və demokratiyadan danışmağa mənəvi haqları yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.