SİYASƏT


Ermənistandakı etirazların əsasını ölkədəki hərc-mərclik, özbaşınalıq, sosial-iqtisadi vəziyyətin ağırlaşması təşkil edir

Bakı, 29 oktyabr, AZƏRTAC

Ermənistan silahlı birləşmələrinin növbəti hərbi təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum və sülhə məcburetmə əməliyyatları 28 illik işğala son qoyulması istiqamətində ciddi irəliləyişlərin əldə olunması ilə yanaşı, Ermənistan ordusu haqqında təcavüzkar ölkənin ictimai rəyində illərdən bəri formalaşdırılmış “məğlubedilməzlik” mifini də darmadağın etdi. Artıq Ermənistan hərbçilərinin Azərbaycan əsgərinin qarşısından necə qaçdığını görmək üçün məxfi məlumatların əldə edilməsinə də ehtiyac yoxdur. Sosial şəbəkələr erməni hərbçilərinin rüsvayçı qaçış səhnələri ilə zəngindir.

Bu fikirləri AZƏRTAC-a siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert deyib ki, fərarilik, əmrə tabe olmamaq kimi halların qarşının alınması üçün Ermənistan hakimiyyəti ən son üsullara əl atır, cəzaları sərtləşdirir. Ötən gün Ermənistan parlamentinin Cinayət Məcəlləsinə etdiyi əlavə və dəyişikliklər də işğalçı ölkədəki real mənzərənin nə qədər acınacaqlı olduğunu sübuta yetirir. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinə edilən yeni əlavə və dəyişikliklərə əsasən həqiqi hərbi xidmətdən, təlimlərdə iştirakdan və müharibə dövründə səfərbərlikdən imtina edənlər 12 ilə qədər həbs cəzasına məhkum ediləcəklər. Müharibə dövründə vergi ödəməkdən və əmlakının hərbi məqsədlərlə istifadə edilməsindən imtina edənlər üçün 5 ilədək həbs cəzası nəzərdə tutulub. Müharibə zamanı fərarilik və döyüş tapşırıqlarının yerinə yetirməkdən imtina edən erməni hərbçilərini isə 15 ilədək həbs cəzası gözləyir. Amma cəzaların sərtləşdirilməsi də fərariliyin, qarşılıqlı ittihamların, ziddiyyətlərin qarşısını ala bilmir.

E.Mirzəbəyli deyib ki, keçmiş baş nazir Vazgen Manukyanun Nikol Paşinyanı istefaya çağırmasından sonra işğalçı ölkənin siyasi gündəmi də ən sərt, ən ağır ittihamlarla zəbt olunub. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının bu gün keçirilən brifinqində hakim partiyanın deputatları Manukyanı və onunla eyni mövqedən çıxış edənləri xəyanətdə suçlayıblar və bildiriblər ki, daxildəki “bayraqdar”lar Türkiyə “Bayraqdar”larından daha təhlükəlidir. Ermənistanın siyasi arenasında siyasi qüvvələrin və hakim partiya nümayəndələrinin bir-birini xəyanətdə ittiham etmələri adi hal alıb. Son 20 gündə artıq Ermənistan ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat idarəsinin rəisi, general-mayor Ohannes Karumyan və Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan xəyanətdə ittiham olunaraq vəzifələrindən kənarlaşdırılıblar.

Qeyd edim ki, sabiq baş nazir Manukyanın Paşinyan hökumətinə qarşı ittihamlarının səbəbi təkcə Ermənistan ordusunun ardıcıl acı məğlubiyyətləri ilə bağlı deyil. Ölkədəki hərc-mərclik, özbaşınalıq, sosial-iqtisadi durumun gündən-günə ağırlaşması, ərzaq məhsullarının qıtlığı və bütün məhsulların qiymətinin 30-70 faiz arasında yüksəlməsi həm Manukyanın və digər siyasətçilərin, həm də bütövlükdə Ermənistan ictimaiyyətinin etirazlarının əsasını təşkil edir.

Artıq heç kim ağır itkilər verərək döyüş meydanından qaçan Ermənistan ordusunun sıralarında xidmət etmək istəmir. Bu səbəbdən də işğalçı ölkədə səfərbərliyi “əsgər, yaxud döyüşçü ovu” adlandırırlar. Ermənistan vətəndaşlarının sosial şəbəkələrdə paylaşdıqları statuslarda da polis və təhlükəsizlik qüvvələrinin ev-ev “əsgər ovu”na çıxdıqları bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.