CƏMİYYƏT
Ermənistanın Ağdamda minaladığı ərazilərin xəritələrini təqdim etməsi və livanlı muzdlu terrorçunun məhkəməsi haqqında AZƏRTAC-ın xəbərləri ərəb mətbuatında
Qahirə, 15 iyun, AZƏRTAC
İyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməninin Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilməsi haqqında AZƏRTAC-ın xəbəri ərəb mətbuatının diqqət mərkəzində olub.
İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin (UNA), “Alarabia”, “Aljazeera” telekanallarının, habelə nüfuzlu “Əl Əhram” qəzetinin saytlarında və “Əl Hərir” portalında AZƏRTAC-a istinadla Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatı yayımlanıb.
Bundan başqa, Misirin geniş oxucu kütləsinə malik olan “Əl Mısr Əl Yom” qəzetində Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə iyunun 14-də Yasamal Rayon Məhkəməsində yekun iclasın keçirilməsi və təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsi barədə agentliyə istinadla xəbər dərc olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə