CƏMİYYƏT
Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə 70-dək dövlətin ədliyyə orqanlarına müraciət göndərilib
Bakı, 25 yanvar, AZƏRTAC
Ötən il sentyabrın 27-də həyata keçirilən əks-hücum əməliyyatı ilə başlayan və düşmənin təslim olması ilə nəticələnən Vətən müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı. Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun başladığı əks-hücum və dövlətimizin başçısının qətiyyəti nəticəsində tarixi salnamə yazıldı. Qanlı cinayət əməlləri törədən ermənilərin cəzalandırılması vacibdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanına qarşı törətdiyi müharibə cinayətləri, əməllərlə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün Ədliyyə Nazirliyi tərəfindən 70-ə yaxın dövlətin ədliyyə orqanlarına, çoxsaylı nüfuzlu beynəlxalq təşkilata müraciətlər ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov məlumat verib.
O qeyd edib ki, müraciətlərdə bir milyona yaxın insanın öz dədə-baba yurdundan didərgin salındığı, erməni terrorçularının törətdiyi qeyri-insani əməllər, xüsusilə Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Cenevrə Konvensiyasının müddəalarını kobudcasına pozması dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Həmçinin Azərbaycan həqiqətlərinin təbliği üçün Ədliyyə Nazirliyinin saytında üç dildə fəaliyyət göstərən “Qarabağ Azərbaycan” elektron platforması yaradılıb.
Sübhi Kazımov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti məsul şəxslər tərəfindən qərargah yaradılıb. Həmin qərargaha işğalçı Ermənistanın insanlıq əleyhinə cinayətləri, xüsusilə qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri nəticəsində ədliyyə və məhkəmə infrastrukturuna dəyən ziyanın hesablanması tapşırılıb. Bundan başqa, Qarabağ regional ədliyyə idarəsi təsis olunub. Vətəndaşların ədliyyə institutlarına əlçatanlığı üçün yaradılan idarə artıq fəaliyyətə başlayıb. Ədliyyə işçiləri hərbi əməliyyatlar zamanı könüllü olaraq orduya vəsait köçürüblər. Ədliyyə əməkdaşlarının bir qismi isə döyüşlərdə könüllü iştirak edib.