REGİONLAR


Ermənistanın Bərdədə törətdiyi terror nəticəsində həlak olan dinc sakinlərin xatirəsi anılıb

Bərdə, 28 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin ötən il oktyabrın 28-də Bərdə şəhərinə raket hücumlarının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Terror aktı baş verən ərazidə qurulmuş xatirə lövhəsinin qarşısında təşkil edilən mərasimdə Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Fatma Yıldırım, Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri və yaxınları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Bərdə terrorunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xatirə lövhəsinin önünə əklil və gül dəstələri qoyulub.

Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Fatma Yıldırım, Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev mərasimdə çıxış edərək, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatından, 44 gün davam edən Vətən müharibəsində təxminən otuzillik işğala son qoyulmasından və Azərbaycanın ərazi bütövlüyünün bərpasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərdən danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Bərdə, Gəncə, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar.

Diqqətə çatdırılıb ki, Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Bərdə şəhərində törədilən terrorlar nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ancaq bərdəlilər ruhdan düşməyib, əksinə, möhkəm əzmkarlıq göstərərək Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşiblər.

Mərasimdə Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin və Bərdə rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Bərdə terroru ilə bağlı kompozisiya ilə çıxış ediblər. Həmçinin Bərdə terrorunu özündə əks etdirən rəsm əsərləri sərgilənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.