SİYASƏT
Ermənistanın Gəncəni ağır artilleriyadan atəşə tutması nəticəsində bir əsr yarım yaşı olan pravoslav kilsəsi də zərər görüb VİDEO
Gəncə, 12 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC
Bu gün Gəncəyə səfər edən xarici diplomatlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin, ordusunun vəhşiliyi və vandalizminin şahidi oldular. Düşmənin Gəncəni ağır artilleriyadan atəşə tutması nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var, tarixi abidələrimizə, o cümlədən bir əsr yarım yaşı olan pravoslav kilsəsinə də zərər dəyib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.
O bildirib ki, qədim Gəncə şəhəri dünyada Nizami, Məhsəti kimi böyük şairləri, alimləri, qonaqpərvərliyi və sülhpərvərliyi ilə tanınır: “Ermənistan Xocalıda törətdiyi soyqırımının oxşarını Gəncədə həyata keçirmək istəyir. Atılan raketlər məsum uşaqları, qadınları, yaşlıları hədəfə alıb. Son raket zərbəsi nəticəsində 9 dinc sakin həlak oldu, xeyli insan yaralandı, evlərimiz dağıldı”.
Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Hacı Tahir deyib: “Gəncədə çoxlu kilsələr, məscidlər, sinaqoq və dini mərkəzlər var. Ermənistandan atılan raketlərdən biri Gəncədə İslam peyğəmbərin 5-ci nəvəsinin məzarı yanındakı böyük qədim məscidin yanına düşüb və ona zərər vurub. Bundan başqa, Gəncədə bir əsr yarım yaşı olan pravoslav kilsəsinin də ətrafına raket düşüb və kilsə zərər görüb. Bu da onu göstərir ki, ermənilər heç bir dinə, inanca baxmırlar, onlar üçün müqəddəs heç nə yoxdur”.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər. Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.