SİYASƏT
Ermənistanın Gəncəni raket atəşinə tutması ilə əlaqədar Ukrayna KİV-lərinə bəyanat ünvanlanıb
Bakı, 12 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynli Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması ilə əlaqədar Ukrayna KİV-lərinə bəyanat ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, 30-a yaxın informasiya agentliyinə, portal və qəzetə ünvanlanan bəyanatda işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam etdiyi qeyd olunub.
Vurğulanıb ki, Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
“Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının növbəti bariz göstəricisidir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması işğalçı ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir. Ermənistanın dinc əhalini, çoxmənzilli yaşayış binalarını və mülki obyektləri ağır artilleriya və raket atəşinə tutması işğalçı ölkənin dövlət səviyyəsində terror siyasəti yürütməsinin əyani təsdiqidir.
Bununla belə, düşmən törətdiyi cinayətləri həyasızcasına xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir”, - deyə bəyanatda qeyd olunub.
Bəyanatın sonunda Ukrayna KİV-lərinin Ermənistanın terrorçu siyasətini obyektiv işıqlandırmağa və Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırılıb.