CƏMİYYƏT
Ermənistanın Naxçıvanla sərhəddə zavod tikməsi ərazidə ekosistemin pozulmasına səbəb ola bilər – Rəy

Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycanın yerləşdiyi coğrafi mövqe ekoloji baxımdan onsuz da mürəkkəb vəziyyətdədir. Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodu inşa etməsi daha fərqli sualların yaranmasına səbəb olacaq. Təbii ki, Ermənistan zavodu öz vəsaiti hesabına yox, məhz ABŞ investisiyası hesabına tikməyi planlaşdırır. Bu isə ekoloji baxımdan ətraf ölkələrə də zərər verə bilər. Sözügedən ərazidə ağır sənaye zavodunun inşası ətraf mühitin, havanın zəhərli tullantılarla çirklənməsinə, ekosistemin pozulmasına səbəb olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi Paşa Bayramov söyləyib.
"Ekosistemə zərər vurmaq Ermənistanın törətdiyi ilk və son cinayəti deyil. Belə ki, hazırda əsas çirklənmə halının qeydə alındığı çaylar Oxçuçay və Kür çaylarıdır. Bir sıra araşdırmalar göstərir ki, Oxçuçay Ermənistan tərəfindən mütəmadi olaraq molibden ilə çirkləndirilir. Eyni zamanda, Kür çayı da çirklənir. Kür-Araz ovalığı kənd təsərrüfatı sahələrinin əsas yer aldığı ərazi olduğundan həmin torpaqlara gələn suyun təmizliyi çox vacibdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oxçuçayla bağlı monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel 7 dəfə normadan yüksək olub. Çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb.
Aparılan monitorinqlər nəticəsində çay suyunda müxtəlif vaxtlarda - bolsulu və az sulu dövrlərdə ümumilikdə ağır metallar ilin bütün fəsillərində normadan dəfələrlə artıq olub",- deyə P. Bayramov vurğulayıb.
O əlavə edib ki, Ermənistanın bu məsələ də daxil olmaqla, törətdiyi bütün ekoloji cinayətlərə görə ciddi şəkildə cavabdehlik daşıması vacibdir. Bu səbəbdən Naxçıvanla həmsərhəd bölgədə - Arazdəyəndə belə bir tikinti halı Azərbaycanın maraqlarına tamamilə ziddir.