REGİONLAR
Ermənistanın Tərtər qəbiristanlığında mülki şəxslərə qarşı terrorundan iki il ötür VİDEO
Tərtər, 15 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əks hücumları qarşısında tab gətirməyən Ermənistan ordusu hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutub, mülki şəxsləri hədəfə alırdı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci il oktyabrın 15-də Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını ağır artilleriya atəşinə tutub. Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb.
Erməni terroru nəticəsində xəsarət alanlardan biri – dəfndə iştirak edən din xadimi Rəfail Qəzənfərli iki il əvvəl baş verənləri xatırlayaraq deyib: “2020-ci il oktyabrın 15-də Azərbaycanla Ermənistan arasında humanitar atəşkəs elən olunmuşdu. Atəşkəsdən istifadə edərək dünyasını dəyişmiş Tərtər sakinini dəfn edirdik. Dəfn zamanı ermənilərin atdığı top mərmisi bizdən 10 metr məsafədə qəbir daşının üstünə düşərək partladı. Hər tərəfi toz-duman bürüdü. Həmin vaxt dəfndə iştirak edən Pərviz, Vasif, İsgəndər və Şakir həlak oldular, dörd nəfər yaralandı. Mən də 9 yerdən qəlpə yarası almışdım. Qəbiristanlıqdan çox çətinliklə çıxdıq. Bərdə xəstəxanasında müalicə olunduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dinc sakinlərin atəşə tutulması insanlığa sığmayan, heç bir dində qəbul olunmayan bir hərəkətdir. Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Tərtər şəhər, Səhləbad, Əskipara kənd qəbiristanlıqları bərbad vəziyyətə salındı. Bütün bunlar erməni barbarlığının nümunəsidir”.
Ermənilərin qəbiristanlığı atəşə tutması nəticəsində həlak olan sakinlərdən biri də Vasif Rüstəmovdur. Vasifin həyat yoldaşı Sona Vəliyeva bildirib ki, 44 günlük müharibə dövründə Tərtər şəhərinin hər gün Ermənistan ordusu tərəfindən artilleriya atəşinə tutulmasına baxmayaraq Vasif bir gün də olsun rayonu tərk etməyib: “Oktyabrın 15-i onun ən sevincli günü idi – qızının doğum günü idi. O, bir ata kimi istəyirdi ki, qızını təbrik etsin. Lakin onun bu istəyi ürəyində qaldı. Həmin gün dostunun ailəsinin dəfnində iştirak etmək üçün Tərtər şəhər qəbiristanlığına getdi. Ermənilərin qəbiristanlığı atəşə tutması nəticəsində dörd nəfər həlak oldu ki, onlardan biri də Vasif idi. Həmin gün ən ağır gün kimi ailəmizin yaddaşında qaldı. Bu terror aktı ermənilərin iç üzünü bir daha açıb göstərdi. Bu ilk terror deyildi. Bundan əvvəl də Gəncə, Bərdə və digər yaşayış məntəqələri ermənilər tərəfindən dəfələrlə raket atəşinə məruz qalmışdı”.
Qeyd edək ki, 44 gün ərzində erməni hərbi birləşmələri tərəfindən təkcə Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə xeyli ziyan dəyib.
Ümumilikdə 44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Bərdə, Gəncə, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə 1018 fermer təsərrüfatına, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.