SİYASƏT


Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq

Bakı, 21 sentyabr, AZƏRTAC

Terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistan hökuməti artıq bir neçə müddətdir müharibəyə açıq-aydın hazırlıqlar aparır. İşğalçı dövlətin rəhbərinin cəfəng bəyanatları, təxribat xarakterli addımları Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün danışıqlar prosesinə böyük zərbə vurub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, Ermənistan dövləti ordudakı çatışmazlıqları müxtəlif yollarla həll etmək üçün bütün resurslarını səfərbər edib. 70 yaşadək olan ahıl insanları belə silahlandırmaq üçün “Müdafiə haqqında" qanuna əlavələr edib, imkanlarından çox miqdarda silah alıb, hətta Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, “Qadınlar sülh uğrunda” təşəbbüsünün müəllifi Anna Akopyan da müharibəyə hazırlıq proseslərində yaxından iştirak edir. Ermənistanın iyul ayında dövlət sərhədində törətdiyi hərbi təxribatın məğlubiyyətə uğramasını xalqa qələbə kimi təqdim edilməsi isə avantürist dövlətin yürütdüyü siyasətin ən gülünc məqamlarından oldu.

Prezident İlham Əliyev Azərbaycan televiziyalarına müsahibəsi zamanı ermənilərin təxribatının səbəblərindən birinin məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin reaksiyasını öyrənmək olduğunu qeyd edərək deyib: “Ermənilər iyul məğlubiyyəti qələbə kimi qələmə vermək istəyirlər. Amma sual olunur, əgər bu, qələbədirsə, haradadır bu qələbə? Nədir onda bu qələbə? Bu, birincisi. İkincisi, əgər bu qələbədirsə, onda siz niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edirsiniz? Niyə hay-küy qaldırırsınız? Niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək istəyirsiniz?”.

Dövlətimizin başçısının müsahibəsi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqamlar axtaran bütün tərəflərin suallarına tutarlı cavab oldu.

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığını, ikiüzlülüyünü gizlətmək, hakimiyyətdə qalmaq üçün yeganə çıxış yolu olduğunu təsdiqlədi. Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiyanın yalnız bir adı var - faşizm.

Dünyanın gözü qarşısında, təkzibolunmaz faktlarla sübut olunub ki, Dağlıq Qarabağ əzəli, əbədi Azərbaycan torpaqlarıdır, işğalçı dövlət tərəfindən zəbt edilib. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı tezliklə puç olacaq. İşğal altındakı bütün kənd və qəsəbələrimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.