SİYASƏT


Ermənistanın baş naziri Ria-Novosti agentliyinə müsahibə zamanı cəfəng iddiaları ilə gülünc vəziyyətə düşdü

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan döyüş, diplomatiya və informasiya cəbhəsində Ermənistana tam üstün gəlir. Son vaxtlar dövlət başçımızın dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələrdə səsləndirdiyi faktlar Ermənistanın işğalçı siyasətini açıq şəkildə ortaya qoyub. Xüsusilə, sentyabrın 27-dən sonra təcavüzkarların başladıqları genişmiqyaslı təxribatları müharibəyə çevirmələri və müharibənin qaydalarına zidd olaraq, əsasən, mülki əhalini hədəfə almaları, yaşayış məntəqələrinə və digər obyektlərə ciddi ziyan vurmaları barədə dünya ictimaiyyətinə faktlarla məlumat verməsi işğalçı ölkəni və onun faşizm ideologiyasının tərəfdarı olan Nikol Paşinyanı ağır duruma salıb.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.

K.Seyidov deyib: “Bu günlərdə Rusiyanın Ria-Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyovun Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı eyni suallara verilən cavablar da bir daha təsdiqlədi ki, Nikol Paşinyan dövlət idarəçiliyində naşı, savadsız, siyasi dünyagörüşü olmayan, faşist xislətli, qəddar bir küçə adamıdır. Təbii ki, hakimiyyətə küçə və meydanlarda yalan vədlər verərək gələn bir adamdan bundan artıq heç nə gözləmək mümkün deyil.

Sentyabrın 27-də başlanan müharibə və indiyədək baş verənlər barəsində hər iki dövlət başçısına ünvanlanmış suala Prezident İlham Əliyev lider dövlət başçısına xas olan tərzdə cavab verdi. Prezident bildirdi ki, sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. Ancaq işğalçı tərəf öz çirkin məqsədinə çatmamış və böyük itkilərlə üzləşmişdir. Dövlətimizin başçısı bu barədə məlumat verərkən dedi ki, döyüş meydanında itkilərə gəldikdə isə bizdə olan məlumata görə, erməni tərəfin itkiləri bizim itkilərdən xeyli çoxdur. Ölkəmizin rəhbəri hərbi qulluqçular arasında itkilər münaqişənin qaynar fazası başa çatandan sonra elan ediləcəyini bildirdi. Dedi ki, döyüş əməliyyatlarının nəticələrinə gəldikdə, onlar Azərbaycan Ordusu üçün çox uğurludur. Biz düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olduq. Bəzi sahələrdə, hətta, 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə daha münasibdir.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun bu günə qədər qazandığı uğurlar barəsində məlumat verərək dedi ki, onlarca yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. Biz işğalçıları Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarmışıq və ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davam etdiririk.

Paşinyan isə bu məğlubiyyətin qarşısında aciz qaldığını ört-basdır etmək istəyirdi. O, sualdan yayınaraq, aidiyyəti olmayan məsələlərdən danışmağa cəhd edir, işğal siyasətini gizlətməyə çalışırdı. Ancaq fakt göz qabağında idi. Paşinyan qalib ölkənin rəhbəri qarşısında çox cılız görünürdü. Onun cavabını isə qısaca belə ifadə etmək olar ki, həlak olanlar çoxdur. Bu, işğalçı ölkənin məğlubiyyətini etiraf etməsi idi.

Müxtəlif istiqamətlərdən Suriya və Liviyadan Azərbaycan Ordusunun tərəfində muzdluların iştirak etdiyi barədə verilən suallara cavab olaraq Prezident İlham Əliyev Azərbaycan Ordusunun hər hansı bir muzdlu döyüşçüyə ehtiyacı olmadığını bildirdi. Azərbaycan terrorla mübarizənin ön cərgələrində gedən dövlətdir və terrorçuların ölkə və qonşular üçün təhlükə yaratmasına imkan verə bilməz. Bu günə kimi heç kim Azərbaycan tərəfindən muzdluların iştirakına dair heç bir fakt təqdim etməyib. Respublika ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs heç bir sübut təqdim etməyib.

Ölkə başçısı dövlətimizin rəsmi mövqeyini bildirərək dedi ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur. Paşinyan isə bu suala cavab verə bilmədi. Çünki Ermənistan ordusunun tərkibində Liviyadan, Suriyadan gətirilmiş terrorçular, həmçinin digər ölkələrdən muzdluların olması artıq öz təsdiqini tapıb. Açıq- aydın görünür ki, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləm qarşısında məğlubiyyətini əsaslandırmaq üçün Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin Türkiyə ilə qarşı-qarşıya olduğunu isbat etməyə çalışır. Yəni, Azərbaycanın uzun illərdir Dağlıq Qarabağdakı qondarma rejimlə deyil, Ermənistanla qarşı-qarşıya durduğu barədə dünyaya bəyan etdiyi həqiqəti çox bəsit şəkildə “Ermənistan-Dağlıq Qarabağ tandemi Türkiyəyə qarşı” fantaziyası ilə əvəzləməyə cəhd göstərir. Ancaq buna nail ola bilmədi. Çünki Ermənistanın baş naziri daha çox öz ordusuna yox, muzdlulara güvənir.

Baza prinsipləri barədə verilən sualı cavablandıran Prezident İlham Əliyev bu prinsiplərin uzun illər ərzində işlənib hazırlandığını bildirdi. Ermənistanın əvvəlki rəhbərliyi də siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Lakin təəssüf ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısının üstündən xətt çəkdi. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “hakimiyyət orqanları”nı danışıqlara cəlb etməyə cəhd göstərildi. Bu cəhd həm Azərbaycan, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi.

Təbii ki, Ermənistanın baş naziri bu sual qarşısında da aciz qalmalı idi. Çünki Son iki il ərzində Ermənistan tərəfi bir dəfə də olsun, danışıqlar masasına gəlməmiş, üstəlik ağlagəlməz təkliflərlə bunu pozmuşdur. “Qarabağ Ermənistandır” deyən işğalçı ölkənin baş naziri hansı razılaşmadan, danışıqlardan söhbət aça bilər? O, müharibəni başlamaqla, əslində, öz xalqına ağır zərbə vurdu. Çünki əcnəbi jurnalistlər də yazırlar ki, bu gün döyüş bölgəsində 4 mindən artıq erməni hərbçisinin cəsədi var. Görün, Paşinyan öz xalqına necə qənim kəsilib ki, hətta öz hərbçilərinin meyitlərinə də sahib çıxmır.

Digər suallar qarşısında cılızlaşan Paşinyan bu dəfə də həm özünü, həm də ölkəsini gülünc vəziyyətə qoydu. O, Ermənistana rəhbərlik etdiyi iki il müddətində yalnız işğalçı siyasətlə məşğul olub və bu gün də bu siyasəti davam etdirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.