SİYASƏT


Ermənistanın diplomatik və hərbi müstəvilərdə törətdiyi təxribatlar onun özünün əleyhinə işləyir

Bakı, 8 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

Ermənistanın sərhəddə və təmas xəttində atəşkəs rejimini mütəmadi pozması işğalçı ölkənin təxribat planlarının aktual olduğunu göstərir. Üstəlik, Tovuz hadisələrindən sonra Ermənistanın genişmiqyaslı silahlanması da təcavüzkar ölkənin əsl mahiyyətini ortaya qoyur. Görünən odur ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və yeni hərbi kampaniyaya başlamaq niyyətindədir. İşğalçı ölkənin xarici işlər naziri Zohrab Mnatsakanyanın son açıqlamaları bir daha göstərir ki, məqsəd danışıqlar prosesini pozmaq, beynəlxalq müstəvidə Madrid Prinsiplərinin üstündən xətt çəkməkdir. Halbuki, ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla, bütün beynəlxalq qurumlar münaqişənin həllində məhz Madrid Prinsiplərinə istinad edirlər. Bununla belə, işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi bu prinsiplər ətrafında da spekulyasiyaları davam etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

K.Nurullayeva diqqətə çatdırıb ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə təxribat xarakterli səfərləri, könüllü hərbi dəstələrin yaradılması, eləcə də erməni baş nazirin xanımı Anna Akopyanın qadınlara döyüşə hazırlıq çağırışlar etməsi açıq şəkildə münaqişə ətrafında gərginliyi artırmağa hesablanıb. Qondarma rejimin başçısı Araik Arutyunyanın Gəncənin vurulması iddiası, həmçinin onun “danışıqlar mövzusunu müzakirə etməyək, müharibəyə hazırlaşaq”, “danışıqlar olmayacaq, görmürəm” kimi açıqlamaları da məhz bu məqsədə xidmət edir.

Regionda güc balansının Azərbaycanın xeyrinə olduğunu qeyd edən deputat deyib: “Bu gün regionda iqtisadi-siyasi sahədə olduğu kimi, hərbi sahədə də vəziyyət Azərbaycanın xeyrinədir. İstər 2016-cı ilin Aprel zəfəri, istərsə də Tovuz döyüşlərində Azərbaycan Ordusu öz qətiyyətini və gücünü həm düşmənə, həm də dünyaya göstərdi. Bu gün Azərbaycan Ordusu istər maddi-texniki baza, istərsə də şəxsi heyətin hazırlığı baxımından Ermənistan silahlı qüvvələrindən üstündür. Azərbaycanda dövlətlə yanaşı, cəmiyyətimizin də orduya dəstəyi vacib məqamlardan biridir. Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusundan biri kimi öz ərazi bütövlüyünü bərpa etmək, düşmənin istənilən təxribatının qarşısını almaq iqtidarındadır. Ermənistanın istər diplomatik, istərsə də hərbi müstəvidə törətdiyi təxribatlar işğalçının öz əleyhinə işləyir”.

Könül Nurullayeva vurğulayıb ki, Azərbaycan regionda sabitləşdirici amil kimi mövqeyini möhkəmləndirir, lakin ərazi bütövlüyü məsələsində hər hansı güzəştdən söhbət gedə bilməz. Rəsmi Bakının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi prinsipial və aydındır. Ermənistan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə uyğun olaraq, qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.