CƏMİYYƏT
Ermənistanın ekoloji cinayətlərinin beynəlxalq miqyasda ilk ifşası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Bakı, 10 may, AZƏRTAC
Ermənistanın ekoloji cinayətlərinin beynəlxalq miqyasda ilk ifşası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabının müəllifi Seymur Əliyev bildirib.
O qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin səyi nəticəsində Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti beynəlxalq təşkilatların, o cümlədən dünya ictimaiyyətinin diqqətinə çatdırılıb, bu istiqamətdə mühüm addımlar atılıb. Ümummilli Liderin sadəcə xalqımız deyil, bütün bəşəriyyət qarşısındakı ən böyük xidmətlərindən biri erməni faşizminin ekoloji müstəvidəki cinayətlərini uğurla ifşa etməsi, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın ekoloji terror siyasətinə cəlb etməsi ilə bağlıdır. Ulu öndər Heydər Əliyev haqlı olaraq hesab edirdi ki, dünyanın harasında baş verməsindən asılı olmayaraq, təbiətə edilən qəsd əslində bütün bəşəriyyətin gələcəyinə, dünyanın ekoloji təhlükəszliyinə vurulan zərbədir və buna qarşı bütün dünya birlikdə mübarizə aparmalıdır. Elə bu səbəbdən də Ulu Öndər dünyanı, xüsusilə də region dövlətlərini Ermənistanın ekoloji cinayətlərinə qarşı birgə mübarizə aparmağa səsləyir, beynəlxalq aləmin rəsmi İrəvana təzyiqini zəruri hesab edirdi. “Metsamor” AES-in bağlanması, Ermənistana məxsus çirkli sənaye sahələrinin zərərli tullantılarının su hövzələrinə axıdılmasının qarşısının alınması ümummilli lider Heydər Əliyevin ekoloji təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri idi.
Ermənistanın ekoloji cinayətlərinin ifşası prosesinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini vurğulayan Seymur Əliyev deyib: “Otuz ilə yaxın müddətdə işğal altında qalan və 44 günlük Vətən müharibəsi dönəmində azad edilən tarixi torpaqlarımızda törədilən ekoloji cinayətlər, təbiətə qarşı həyata keçirilən soyqırımı siyasəti dövlətimizin başçısının qlobal media və beynəlxalq ictimaiyyətin mütəmadi şəkildə diqqətinə çatdırdığı əsas həqiqətlərdən biridir.
Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri gec də olsa Ermənistanın ekoloji terror siyasətinə qarşı öz etirazlarını bildirəcək, rəsmi İrəvan Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayətlərlə yanaşı, ekoloji müstəvidəki cinayətlərinə görə də məsuliyyətə cəlb ediləcək”.