SİYASƏT
Ermənistanın etnik təmizləmə siyasəti təkcə region üçün deyil, dünya üçün çox ciddi problemlər yaratmışdı
Tbilisi, 18 yanvar, AZƏRTAC
Ermənistanın 1988-1989 illərdə başlatdığı aqressiv siyasət nəticəsində Ermənistan əraziləri, eləcə də işğal altında olan Qarabağ etnik azərbaycanlılardan təmizlənilib. Bu siyasətin uzun müddət davam etməsi təkcə region üçün deyil, dünya üçün çox ciddi problemlər yaratmışdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Tbilisidə Rondeli Fondunun təşkil etdiyi təhlükəsizlik konfransının “2020-ci il Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda güc balansı” adlı sessiyasında çıxışı zamanı söyləyib.
F. Şəfiyev qeyd edib ki, Cənubi Qafqazın hər üç ölkəsi arasında sülh və sabitliyin möhkəmləndirilməsinin başlıca şərti Ermənistanın ərazi iddialarından əl çəkməsidir.
Avropa İttifaqının təhlükəsizliyinin əsasının da ərazi bütövlüyünə əsaslandığını xatırladan mərkəz rəhbəri deyib ki, Azərbaycan və Ermənistan liderlərinin Soçi və Brüssel görüşləri ümidvericidir.
Rusiyanın proseslərdə iştirakına münasibət bildirən Şəfiyev deyib ki, rəsmi Moskva hər zaman bölgədə vacib siyasi aktor olub. Bu baxımdan Rusiyanın proseslərdən kənarda qalmasını gözləmək doğru yanaşma deyil.
F. Şəfiyev, həmçinin qeyd edib: “Rusiya sülhməramlıları Azərbaycan ərazisinə 5 il müddətinə yerləşdirilib və onların qalması Azərbaycanla Ermənistan arasında əlaqələrin gələcəyindən asılıdır. Sülh yolu ilə irəliləmək həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi