DÜNYA
Ermənistanın əyalətlərində kəndlilər etiraz aksiyasına başlayıblar
Bakı, 13 mart, AZƏRTAC
Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanın kəndlərində problemlər mövcuddur.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Armavir vilayətinin Zartonk kəndinin sakinləri müddətsiz etirazlara başlayıblar. Aksiya iştirakçıları bildirirlər ki, problemləri bitib-tükənmir. İcra nümayəndəsi qardaşları ilə birlikdə kəndi talayıb xarabalığa çevirib. İkinci qrup əlili Arşak Ağasiyanın sözlərinə görə, əsas narazılıqları da elə icra nümayəndəsindəndir. “Biz əlillər dövlət tərəfindən ayrılan güzəştlərdən heç cür istifadə edə bilmirik. Müharibəyə gedib sağlamlığımı ondan ötrü itirmədim ki, torpağımı da icra nümayəndəsi əlimdən alsın. Kəndlilərin adına olan bütün torpaqlar özəlləşdirilib indi bizə icarəyə verirlər. Armavir vilayətinin başçısı gəlib bu məsələlərə aydınlıq gətirməsə, onda özümüz problemlərimizi həll edərik”,- deyə aksiya iştirakçıları bildirirlər.
Etirazçılar kənddə klub, 300 yerlik bağçanın özəlləşdirilərək əyləncə mərkəzinə çevrildiyini deyirlər. Sakinlər bütün bu özbaşınalıqlara etiraz etdikcə, icra nümayəndəliyindən bildiriblər ki, sosial təyinatlı obyektləri hərrac vasitəsilə alıblar. 1990-cı illərin sonlarına kimi Zartonk kəndində ən iri zavodlardan biri hesab edilən şüşə-qablar zavodu fəaliyyət göstərib. Burada təxminən 500-ə yaxın işçi çalışırdı. İndi həmin zavodun quru dirəkləri və bir də divarları qalıb. Əhali isə işsizdir.