SİYASƏT
Ermənistanın hərbi təxribatına qarşı etiraz aksiyası Strasburqda da keçirilibVİDEO
Strasburq, 20 iyul, AZƏRTAC
“Şəhidlər ölməz, Vətən bölünməz”, “Qəhrəman Azərbaycan əsgəri”, “Can, can Azərbaycan! Səninləyik, can Azərbaycan”, “Azərbaycana ədalət”, “Azərbaycan, Türkiyə”, “Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır”, “Ermənistan, işğalı və terroru dayandır! Ermənistan Qarabağdan çıx!”.
AZƏRTAC xəbər verir ki, bu şüarları Strasburqda Avropa Şurasının mənzil-qərargahı qarşısında toplaşan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata etiraz olaraq keçirdikləri etiraz aksiyasında səsləndiriblər. Aksiyada Strasburqda təhsil alan azərbaycanlı tələbələr, bu şəhərdəki Azərbaycan və Türkiyə diaspor təşkilatlarının üzvləri iştirak ediblər.
Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası (ASEAF) tərəfindən təşkil edilən aksiya iştirakçıları əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və Azərbaycanın dövlət himnini səsləndiriblər.
İştirakçılar ingilis, fransız dillərində çıxış edərək ermənilərin 30 ildir ölkəmizə qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıblar. Son döyüşlər zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçiləri və ahıl mülkü vətəndaşımızın xatirəsi anılıb. Azərbaycan ordusuna dəstək ifadə olunub.
Çıxışlardan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və işğalçı siyasətinə etiraz bəyanatı qəbul edilib. Bəyanatda Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə siyasəti, bir milyondan çox azərbaycanlının doğma yurdundan didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşaması, torpaqlarımızı işğal altında saxlaması qeyd edilib. Bildirilib ki, Azərbaycan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq Ermənistan son təxribatları ilə bir daha münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərdi. Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın son hərbi təcavüzü hərbçilərlə bərabər mülki şəxslərin də ölümünə səbəb olub. Ermənistanın siyasi-hərbi rəhbərləri anlamalıdırlar ki, bu siyasət gözlədikləri nəticələri verməyəcək və Azərbaycan xalqı və dövləti beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalı və ilhaqı ilə heç vaxt barışmayacaq. Ermənistanın psevdodemokrat rəhbərləri bilməlidirlər ki, onların təcavüz və işğal siyasəti regional sülhə və təhlükəsizliyə təhdiddir və demokratiya konsepsiyasına ziddir.
Bəyanat Avropa Şurası Baş katibi, Avropa Şurası Parlament Assambleyasının prezidenti, Avropa Parlametinin prezidenti və eləcə də ATƏT-in Minsk Qrupununun həmsədr ölkələrinin Strasburqdakı diplomatik nümayəndəliklərinə göndərilib və Ermənistanın işğalçı siyasətinə son qoyulması məqsədilə qəti tədbirlərin görülməsinə dair çağırışlar edilib.
Sonra aksiya iştirakçıları müxtəlif ölkələrin Avropa Şurası yanında daimi nümayəndəliklərinin qarşısından keçərək Ermənistanın daimi nümayəndəliyinin önünə doğru irəliləyiblər.