CƏMİYYƏT


“Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” kitabının təqdimatı keçirilib

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən Azərbaycan və ingilis dillərində nəşr olunan “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə AVCİYA-nın həyata keçirdiyi “Ermənistanın işğalçı siyasətinin ifşası: tarixi fakt və arayışların beynəlxalq ictimaiyyətə çatdırılması yönündə fəaliyyətlərə dəstək” layihəsi çərçivəsində çap edilib.

Layihənin əsas məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi köklərini, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətini və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir.

Tədbirdə ADPU-nun baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev kitab haqqında məlumat verib. Bildirib ki, qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi var. Bu tarix qədim dövrlərə gedib çıxır. Qeyd edib ki, nəşrdə yer almış məqalələrdə tarixi ardıcıllıq gözlənilməklə müasir dövrə qədər görkəmli tədqiqatçılarımzın yazıları yer alıb. D.Musayev bu kitabın yerli və xarici universitetlərə paylanılacağını vurğulayıb.

Kitabın rəyçisi, professor Oqtay Sultanov bildirib ki, ermənilər zaman-zaman türk dünyasına qarşı ekstremist siyasət aparıb. O.Sultanov ermənilərin Qafqazda gəlmə bir xalq olduğunu və bunu bütün dünya ictimaiyyətinə çatdırmağın vacibliyini söyləyib.

AMEA-nin Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov kitabın ingilis dilinə tərcümə edildiyini müsbət dəyərləndirib və nəşrin rus dilinə tərcümə olunmasının vacibliyini qeyd edib.

AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov deyib: “Dünyada bir çox xalqlar soyqırımına məruz qalıb. Onlardan biri də azərbaycanlılardır. Bizə qarşı bir əsrdən çox mərhələli şəkildə soyqırımı törədilmişdir ki, bunların hər biri kitabda öz əksini tapıb”.

Tədbirdə çıxış edən digər natiqlər kitab haqqında öz müsbət fikirlərini söyləyib və belə nəşrlərin müxtəlif dillərdə çap olunmasının vacibliyini bildiriblər.

Vurğulanıb ki, kitabda “Ermənilərin azərbaycanlılara qarşı soyqırımın tarixi kökləri”, “Şimali Azərbaycana ermənilərin köçürülmə siyasəti”, “Ermənistan Cənubi Qafqaz münaqişələrinin katalizatorudur” və digər elmi məqalələr yer alıb.

Qeyd edilib ki, bu kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ilk nəşri deyil. Bu istiqamətdə “AVCİYA: Xocalı Soyqırımı”, “Xocalı XX əsrin soyqırımı”, “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri”, “Şamaxı soyqırımı 1918” və s kitabları da nəşr olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.