CƏMİYYƏT
Ermənistanın məqsədi danışıqlar prosesini pozmaq və status-kvonu dəyişməz olaraq saxlamaqdır
Bakı, 21 sentyabr, AZƏRTAC
Ermənistan rəhbərliyinin açıq-aşkar terrora dəstək verməsi, terror qruplaşmaları ilə rəsmi və qeyri-rəsmi əlaqələrinin olması dünyada sülhə qarşı təhdiddir. Xüsusən son günlər Dağlıq Qarabağda terrorçu qruplaşmaların yerləşdirilməsi və orada onlar üçün şəraitin yaradılması, nəinki regionda, eləcə də dünyada sülh və əmin-amanlığının daim qorunmasına qarşı təxribatdır. Ermənistanın işğalçılıq və məkrli siyasətini davam etdirməsi təqdirdə nəticələr onun üçün çox ağır olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik deyib ki, bu gün Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılmasının beynəlxalq konvensiyalara zidd cinayət olduğunu dünya ictimaiyyəti bilir. Ermənistan baş nazirinin şərt dilində danışmağa heç bir haqqı yoxdur. Azərbaycan heç nəyə yaramayan şərtləri tamamilə rədd edir. Bizim üçün əsas şərt düşmən qoşunlarının Azərbaycanın əzəli torpaqlarından qeyd-şərtsiz və tam çıxarılmasıdır”.
C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindəki müsahibəsində qeyd etdiyi fikirlər ölkəmizin haqlı mövqeyini bir daha ortaya qoyur. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Eyni zamanda, Ermənistanın bugünkü rəhbərliyi bu ölkəni uçuruma aparır. Beynəlxalq hüquq normalarını ard-arda pozan Ermənistan rəhbərliyi müstəqil siyasət yürütmək iqtidarında deyil və bunu da açıq-aşkar nümayiş etdirir. Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, o zaman Azərbaycan niyə beynəlxalq hüququ gözləməlidir? Qanunsuz məskunlaşdırma, bundan əlavə, Şuşada qondarma rejimin “rəhbəri”nin guya andiçmə mərasiminin keçirilməsi açıq təxribatdır. İslamofobiya isə Ermənistanın dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirir, bu ideologiyanı uşaqlara aşılayırlar. Ermənistanda gənc nəsli faşizm-nasizm ideologiyası ilə böyüdülür.
“Bu gün Azərbaycan veteranları da erməni siyasətinin riyakarlığını dünyaya çatdırmaq üçün əllərindən gələni əsirgəmir, torpaqlarımızın işğaldan azad edilməsi üçün xalqımızı birliyə səsləyirlər. İnanırıq ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək və qələbə bayrağımız Şuşada, Xankəndidə, Xocalıda dalğalanacaq”, - deyə polkovnik C.Xəlilov vurğulayıb.