CƏMİYYƏT
Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi insanlarımızın doğma yurdlarına qayıdışını ləngidır
Hərbi ekspert: Ermənistanda bütün minalı sahələrin xəritələri var və onlar bir neçə nüsxədə mövcuddur
Bakı, 3 may, AZƏRTAC
Azad olunmuş ərazilərdə minalanmış sahələrin xəritələrini Ermənistan bilərəkdən Azərbaycan tərəfinə vermir. Onların əsas məqsədi mülki əhali və hərbçilər arasında itkilərin artmasıdır.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a müsahibəsində deyib.
Ermənilərin xəritələri verməmək üçün müxtəlif bəhanələr gətirdiyini vurğulayan hərbi ekspert qeyd edib ki, hazırda Azərbaycan Ermənistan hərbçilərinin ərazidə basdırdığı minaların zərərsizləşdirilməsi ilə məşğuldur. Bu işdə biz qardaş Türkiyənin, eləcə də Rusiya və digər xarici ölkə mütəxəssislərinin köməyindən istifadə edir. Mən bu yaxınlarda Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə prosesi barədə fikirlərini öyrəndim. Onlar bildirdilər ki, ermənilər qeyri-standart metodlardan istifadə etdiklərinə görə bu proses mürəkkəbdir. Eyni zamanda, Ermənistanın bu xəritələri Azərbaycan tərəfinə verməməsi ucbatından minaların aşkarlanması üçün daha böyük ərazilərdə axtarış aparmaq lazım gəlir. Minalı sahələrin xəritə və formulyarları mütəxəssislərimizin əlində olacağı təqdirdə, onlar daha qısa müddətdə konkret əraziləri təmizləməklə əhalimizin “Böyük qayıdış”ını daha erkən təmin edilə bilər. Görünür, Ermənistanın bu xəritələri verməməkdə digər məqsədi vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışını mümkün qədər ləngitməkdir.
Ədalət Verdiyev bildirib ki, beynəlxalq təşkilatlar da Ermənistanı minalanmış ərazilərin xəritəsini verməyə məcbur etmək üçün müəyyən addımlar atmalıdır. Onlar isə hələ də susqunluq nümayiş etdirirlər. Bilirik ki, bu xəritələr Ermənistan tərəfində tam komplektdə mövcuddur. Çünki ərazilər minalanarkən həmin ərazilərin aktları və xəritələri üç nüsxədə tərtib olunur. Onlardan biri hərbi hissədə, ikincisi hərbi hissənin tabe olduğu korpus və ya diviziyanın qərargahında, üçüncü isə Ermənistanın Müdafiə Nazirliyinin mühəndis xidməti qoşunlarının məxfi hissəsində saxlanılır. Yəni hərbi hissədəki ilk nüsxənin məhv edilməsi ehtimalı olsa da, digərlərinin sıradan çıxması inandırıcı deyil. Çünki bu xəritələr məxfi sənədlərdir və qorunub saxlanılır. Sadəcə olaraq, Ermənistan tərəfi onların Azərbaycan tərəfinə verilməsini mümkün qədər uzatmağa çalışır.
Hərbi ekspert xatırladıb ki, dünyanın bir çox ölkələrində minatəmizləmə problemləri qalmaqda davam edir. “Münaqişələr başa çatdıqdan sonra hərbi əməliyyatlar meydanlarının minalardan təmizlənməsi həmin ərazilər üçün ən aktual problemlərdən birinə çevrilir. Dünyanın hazırda altmışdan çox ölkəsi bu ölümcül sursatlarla hələ də mübarizə aparır. Bəzi hesablamalara görə, hazırda dünyada döyüş əməliyyatları zonalarında 110 milyondan çox zərərsizləşdirilməmiş mina mövcuddur. Mürəkkəb bir proses olan minatəmizləmə işləri uzun vaxt tələb edir və çox böyük xərclərə başa gəlir. Eyni zamanda, bu işləri görən mütəxəssislər son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Məsələn, Mozambik öz ərazilərinin minalardan təmizlənməsi üçün 22 il vaxt sərf edib”, - deyə ekspert vurğulayıb.
Həmsöhbətimiz əlavə edilib ki, hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətdə təxirəsalınmaz əməliyyatlar və operativ işlər həyata keçirilir. Çətin və şərəfli peşəni yerinə yetirən və minaların zərərsizləşdirilməsi işi ilə məşğul olan istehkam bölmələrimizin şəxsi heyəti mürəkkəb iqlim və relyef şəraitində fasiləsiz olaraq çalışmaqdadır. Vətəndaşları səbirli və təmkinli olmağa çağıran ekspert deyib: “Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi olduğu üçün insanların minalanmış ərazilərə qanunsuz və icazəsiz səfərləri barədə niyyətlərinin qarşısının alınması vacibdir”.