SİYASƏT


Ermənistanın “qırğıları” və “sülh göyərçinləri”

Bakı, 7 oktyabr, AZƏRTAC

“Qolos Armenii” nəşrində “Ermənistanda müharibə və məğlubiyyət Ter-Petrosyanın vaxtında proqramlaşdırıldı, Paşinyan zamanında həyata keçirildi” sərlövhəli yazı dərc olunub.

AZƏRTAC xəbər verir ki, ötən əsrin 34-cü ilindən 90-cı ilinədək “Kommunist”, daha sonra “Qolos Armenii” adı ilə nəşr olunan qəzet Ter-Petrosyan və Paşinyan arasında paralellər apararaq, nə qədər qüsurlu görünsə də, birinci prezident Levon Ter- Petrosyanın 23 il əvvəl və baş nazir Nikol Paşinyanın son üç il ərzində səsləndirdiyi bəyanatları “təhlil edərək” belə bir qənaətə gəlir: onların hər ikisi “şüurlu şəkildə başqalarının maraqları ilə diktə edilən antierməni siyasəti yürüdüb”.

“Qolos Armenii” Levon Ter- Petrosyanın 1998-ci ilin fevralında Ermənistanın prezidenti postundan istefa verərkən işlətdiyi “sülh partiyası gedir, müharibə partiyası gəlir” sözlərinə istinad edir və yenə də üzünə vətənpərvərlik niqabını çəkir (Samuel Consonun XVIII əsrin 70-ci illərində Londondakı Ədəbiyyat klubunda işlətdiyi məşhur aforizm yada düşür: “Vətənpərvərlik əclafların son sığınacaq yeridir”).

Əlbəttə, nəşr həmin “antierməni siyasətinin” Ermənistanın siyasi kuluarlarında qəfil peyda olmasının səbəbləri barədə yazmağı “unudur”. İddialı qəzet onu da “unudur” ki, 1988-ci ildə separatçılıq dalğası üzərində hakimiyyətə gələn, hakimiyyəti illərində Azərbaycanın tarixi ərazilərinin işğalında hərəkətverici qüvvə olan, azərbaycanlılara qarşı misli görünməmiş qəddarlıqla törədilən amansız cinayətlərin ən azı siyasi məsuliyyətini daşıyan Ter- Petrosyan situasiyanın bu şəkildə qala bilməyəcəyi qənaətinə beynəlxalq hüquqa və yaxud Azərbaycanın ərazi bütövlüyünə hörmətindən irəli gəlmirdi. Bu qənaət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun ilk diplomatik qələbəsindən - 1996-cı ilin sentyabrında, ATƏT-in 52 Avropa dövlətinin yüksək səviyyədə təmsil olunduğu Lissabon sammitində Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin birmənalı dəstəklənməsindən sonra çıxarılan nəticə idi.

Xatırladaq ki, Lissabon sammitində Prezident Heydər Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünü və erməni millətindən olan vətəndaşlarının təhlükəsizliyini özündə ehtiva edən bəyanatı Ermənistan dövləti istisna olunmaqla, sammit iştirakçısı olan ölkələr tərəfindən dəstəklənmişdi. Bundan dərhal sonra Levon Ter-Petrosyanın rəhbərlik etdiyi erməni nümayəndə heyəti “problemin ancaq öz müqəddəratını təyinetmə prinsipi ilə həll olunmasında” təkid edən bəyanat yaymaqla avantürist siyasətin dəyişmədiyini göstərirdi.

“Qolos Armenii” Nikol Paşinyanın bu il sentyabrın 21-də erməni cəmiyyətinə “dəqiq icra edilən radikal, antierməni siyasəti”ni şərtləndirən fikirlərini xatırladır və bu fikirlərin “hansı bulaqdan su içdiyini” yada salır. Bunun üçün Levon Ter-Petrosyanın 1997-ci ilin sentyabrında dərc edilən “Müharibə, yoxsa sülh?” məqaləsini təhlil edilir, birinci prezidentin mövcud status-kvonunun saxlanmasının qeyri-mümkünlüyünü etiraf etməsini, “Dağlıq Qarabağın” Azərbaycanın tərkibində saxlanılması ilə sülhə yaxınlaşmasını ifadə edən fikirlərindən sitat gətirir: “Müəyyən ölçüdə bu, bütün tərəfləri qane etsə də, böyük ölçüdə heç kimi qane etməyə də bilər”. O, fikrini əsaslandırmaq üçün paralellər aparırdı: “Oxşar hadisə Bosniyada baş verdi və serblər hər şeyi itirdi. Biz maksimum bir-iki il dirəniş göstərə bilərik...”

Bu etiraf karyerasını “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” üzərində quran müharibə caniləri - baş nazir (Robert Koçaryan), müdafiə naziri (Vazgen Sarqsyan), həmçinin milli təhlükəsizlik naziri (Serj Sarkisyan) üçün siyasi intihara bərabər idi və üç əbləh beləcə birləşərək onun istefasını gerçəkləşdirdi. Artıq 1998-ci ilin martında Robert Koçaryan prezident idi, lakin istefaya göndərilən prezidentin Dağlıq Qarabağla bağlı fikrini bölüşən Karen Dəmirçyan Ermənistan parlamentinin sədri postunda qalırdı. 1999-cu il oktyabrın 29-da Nairi Unanyanın başçılığı ilə beş nəfərdən ibarət silahlı qrupun parlamentin iclasını gülləbaran etməsinin Dəmirçyanın qətlinə verilən fərmanın icrası ilə bağlı olduğuna bu ölkədə artıq heç kim şübhə etmir.

Bütün bunlardan sonra “Qolos Armenii” birinci prezidentin 1998-ci ilin fevralında istefaya gedərkən etdiyi son xəbərdarlığı xatırladır: “Ermənistan gələcəkdə onların (Azərbaycanın- red.) təklif edəcəkləri ən pis variantla razılaşmalı olacaq”.

Məsələlərə bu kontekstdən yanaşan nəşr 2020-ci il sentyabrın 27-də başlayan və Azərbaycanın tam qələbəsi ilə bitən ikinci Qarabağ Müharibəsindən sonra “sülh göyərçini”nə dönən baş nazir Paşinyanın cəhdlərini “antierməni siyasətinin nümunəsi” kimi göstərir. Halbuki indiki “sülh carçısı” iki il əvvəl işğal altındakı Xankəndinə növbəti “səfəri” zamanı “Qarabağ Ermənistandır və nöqtə” deyəcək qədər həyasızlaşmışdı. Nikol bu sözləri deyərkən əlləri körpələrin, qadınların və qocaların, minlərlə əliyalın insanın qanına batan və hətta bununla qürrələnəcək səviyyədə olan Koçaryan və Sarkisyandan bir o qədər də fərqlənmirdi...

Son sözü “Dəmir yumruq” dedi və endirilən o yumruğun nəticələrini Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il sentyabrın 28-də “France-24” televiziya kanalına müsahibədə bir daha belə xatırladırdı: “Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.