CƏMİYYƏT


Ermənistanın raket hücumları nəticəsində Gəncədə zərərçəkmiş şəxslərə Ombudsmanın təşəbbüsü ilə psixoloji yardım göstərilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Məlum olduğu kimi, beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə edilmiş ağır artilleriya və raket hücumları nəticəsində şəhər sakinləri arasında çoxsaylı ölən və yaralananlar olub, mülki evlərə, tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə ciddi ziyan dəyib. Qeyd edilən hücumlar zamanı zərərçəkmiş şəhər sakinlərinin və onların yaxınlarının psixoloji sağlamlığına da ağır zərbə vurulub.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar olaraq, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü və “Təmiz Dünya” İctimai Birliyinin dəstəyi ilə Gəncə şəhərinə hücum nəticəsində zərər çəkmiş uşaqlara və digər vətəndaşlara psixoloji yardım göstərilib. Əsas məqsəd zərərçəkmiş şəxslərin post-travmatik stress mərhələsindəki psixoloji sağlamlıq durumunun düzəlməsinə yardım etmək, onlara normal həyata adaptasiya olma istiqamətində dəstək verməkdən ibarətdir. Bu məqsədlə “Təmiz Dünya” İctimai Birliyinin psixoloqu Xatirə Səfərova və Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tərəfindən Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində hər iki valideynini itirmiş uşaqlar - 2 yaşlı Əliyeva Nilay Adil qızı, 16 yaşlı Əliyeva Sevil Anar qızı və 8 yaşlı Əliyev Hüseyn Anar oğlu, həmçinin zərər çəkmiş digər ailələr və onların yaxınları ilə görüşlər keçirilib, ixtisaslaşmış psixoloji yardım göstərilib.

Qeyd edək ki, Ombudsman Səbinə Əliyeva həmin hadisələrlə bağlı Gəncəyə səfərləri zamanı zərərçəkmiş şəxslərə, o cümlədən uşaqlara baş çəkib, Gəncə Regional Mərkəzinin əməkdaşlarının onlarla mütəmadi görüşləri zamanı telefon əlaqəsi saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.