DÜNYA
Ermənistanın sabiq prezidenti istintaqa çağırılıb
Bakı, 4 iyul, AZƏRTAC
Ermənistanın sabiq prezidenti Robert Koçaryan 2008-ci il martın 1-də kəskin etirazlar zamanı insanların qətlə yetirilməsi barədə iş çərçivəsində şahid qismində istintaqa çağırılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan brifinqdə məlumat verib. “Bildirişin ona çatıb-çatmadığını bilmirəm, lakin biz bildiriş göndərmişik. O, istintaqa şahid kimi çağırılıb”, - deyə xidmətin rəhbəri qeyd edib.
O, vurğulayıb ki, sözügedən istintaq işi çərçivəsində sabiq müdafiə naziri, 2008-ci il martın 1-də respublika silahlı qüvvələri baş qərargahının rəisi olmuş Seyran Ohanyan da şahid qismində sorğu-sual edilib.
İyulun 3-də Yerevanın ümumi yurisdiksiyalı məhkəməsi insanların qətlə yetirilməsi barədə iş çərçivəsində Ermənistanın sabiq naziri, general-polkovnik Mikael Arutyunyanın həbsi barədə sanksiya verib. Hərbçi 2008-ci il martın 1-də ölkədə konstitusiya sistemini pozmaqda ittiham edilir. İstintaqın versiyasına görə, Arutyunyan və digər rəsmi şəxslər konstitusiyanı pozaraq, Ermənistanda hərbi vəziyyət elan edib, dinc nümayişçilərə - ölkə vətəndaşlarına qarşı ordudan istifadə ediblər. Arutyunyan axtarışa verilib, məhkəmədə onun həbsi barədə vəsatət qaldırılıb.
Xatırladılıb ki, Ermənistanda 2008-ci il fevralın 19-da prezident seçkilərindən sonra ölkədə etiraz aksiyaları keçirilib, insanlar seçkilərin rəsmi yekunları ilə razılaşmadıqlarını bildiriblər. Küçə aksiyalarını Ermənistanın birinci prezidenti Ter-Petrosyanın tərəfdarları təşkil ediblər. Mitinqçilərlə hüquq mühafizə orqanlarının nümayəndələri arasında qarşıdurma nəticəsində 8 nümayişçi, 2 polis ölüb, 33 polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Təxminən 230 nəfər tibbi yardım üçün həkimə müraciət edib.