SİYASƏT


Ermənistanın şəhərlərimizi nadir hallarda istifadə edilən SKAD raketlərindən atəşə tutması onun dövlət səviyyəsində terror siyasəti yürütməsinin daha bir göstəricisidir

Bakı, 12 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 27-də törədilən hərbi təxribat nəticəsində başlayan əməliyyatlar dövründə düşmən mütəmadi olaraq mülki vətəndaşlarımızı və yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur. Müharibə qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını kobud şəkildə pozan düşmən bu cinayətləri ən ağır hərbi texnikalardan istifadə edərək törədir.

SKAD: Düşmən şəhərlərimizi nadir hallarda istifadə edilən, böyük dağıdıcı gücə malik raketlərlə atəşə tutur

Oktyabrın 11-də gecə radələrində düşmənin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutması isə bu cinayətlərin davamı kimi qiymətləndirilir. Araşdırmalar nəticəsində məlum olur ki, düşmən Gəncəni raket atəşinə tutarkən əsasən SKAD (Elbrus) raketlərindən istifadə olunub. Qeyd edək ki, dünya təcrübəsində bu raketlərdən mülki vətəndaşlara qarşı istifadə olunması hallarına çox nadir hallarda rast gəlinir. Çünki bu raketlər böyük dağıdıcı gücə malikdir və dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktı hesab edilir.

1961-1987-ci illərdə istehsal olunan bu raketin ehtimal olunan yayınma dairəsi 450 metr təşkil edir. Bu nə deməkdir ki, əgər A nöqtəsi hədəfə alınırsa, raket həmin hədəfə düşməyəcək, sadəcə A nöqtəsindən 450 metr radiusda bir əraziyə düşəcək. Bu səbəbdən də ondan hərbi hədəfləri məhv etmək üçün o qədər də geniş istifadə olunmur. Çünki dəqiqlik yoxdur və hərbi məqsədlə tətbiqi səmərəli deyil. Bu səbəbdən ondan böyük şəhərləri mülki obyektləri dağıtmaq məqsədi üçün istifadə edilir. Bu, bir daha göstərir ki, düşmən məqsədli şəkildə bu raketdən istifadə edib.

Xalqımızın sarsılmaz iradəsini qırmağa çalışan düşmən bu məqsədinə çatmadı

Bir fakta da diqqət edək ki, ötən 16 gün ərzində Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 42 nəfər həlak olub, 206 nəfər isə xəsarət alıb. Eyni zamanda, Ermənistanın bu ağır artilleriya və raket atəşləri nəticəsində 1185 ev, 57 çoxmənzilli yaşayış binası və 148 mülki obyekt yararsız vəziyyətə düşüb. Düşmən döyüşlərin ilk günündən Azərbaycan Ordusuna qarşı döyüşlərdə məğlub olacağını dərk edir və bu səbəbdən də mülki vətəndaşlarımız arasında təşviş yaratmaqla vəziyyətdən çıxış yolu axtarır.

Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində də 10 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan çox çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının növbəti bariz göstəricisidir. Bütün dünya bir daha işğalçı ölkənin dövlət səviyyəsində terror siyasəti yürütməsinin şahidi oldu. Bu cür cinayət əməlləri ilə xalqımızın sarsılmaz iradəsini qırmağa çalışan düşmən bu məqsədinə çatmadı. Çünki hər bir vətəndaşımız Ali Baş Komandana, Ordumuza güvənir və əmindir ki, düşmən törətdiyi bütün cinayətlərə görə cavab verəcək.

Əsəd Məmmədov

AZƏRTAC-ın redaksiya müdiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.