REGİONLAR


Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini ifadə edən ən qanlı faciə - Xocalı soyqırımı

Naxçıvan, 26 fevral, AZƏRTAC

Tarixin bütün dövrlərində xalqımıza qarşı xəyanətkar mövqedə duran, fürsət düşən kimi məkrli niyyətlərini həyata keçirən ermənilər XX əsrin sonlarında öz mənfur simalarını bir daha büruzə verdilər. Xocalı soyqırımı isə Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini ifadə edən ən qanlı faciədir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər nazirlikdə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilən tədbirdə səsləndirilib.

Əvvəlcə 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muxtar respublikanın Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov tədbirdə çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları imperiya qoşunlarının Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə hücuma keçib, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən sayılan Xocalını yerlə-yeksan ediblər. İnsanlığa sığmayan bu amansız soyqırımı hadisəsi, ağır cinayət aktı nəticəsində 613 nəfər günahsız soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, əliyalın, köməksiz insanlar ağır yaralanıb, itkin düşüblər.

Vurğulanıb ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. 1997-ci il fevral ayının 25-də isə ulu öndərimiz Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Bu gün dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür. Dövlət başçısının 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov “Xocalı soyqırımı: heç nə unudulmur, heç nə yaddan çıxmır”, Aparatın baş zabiti, daxili xidmət kapitanı Turan Şahhüseynov “Xocalı soyqırımının dünyaya tanıdılması” və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin zabiti, kapitan Quliyev Ramil “Xocalı soyqırımı şahidlərin gözü ilə” mövzularında çıxış edərək ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı aktlarından danışıblar.

Sonda Xocalı faciəsi ilə bağlı videoçarxa baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.