CƏMİYYƏT
Ermənistanın törətdiyi son təxribatlar sülh danışıqları istiqamətində aparılan fəaliyyətə qarşı yönəlib – Şərh

Bakı, 28 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının və digər qanunsuz hərəkətlərin qarşısı alınıb. Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan silahlı qüvvələrinin iki hərbi qulluqçusu saxlanılıb.
Bu hadisəyə münasibət bildirən Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli AZƏRTAC-a açıqlamasında deyib ki, son vaxtlar Ermənistanın törətdiyi bütün bu təxribatlar Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan fəaliyyətə qarşı yönəlib: “Daha doğrusu, ikili oyun oynayan Ermənistan ictimai-siyasi tədbirlərdə sülh müqaviləsini imzalamağa hazır olduğunu deyir, hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Lakin müəyyən müddət keçdikdən sonra yenidən vəziyyətin gərginləşdirilməsi istiqamətində addım atır. Bu dəfə baş verən hadisə isə konkret olaraq Azərbaycanın ərazisinə soxulma halı idi. Ermənistanın kəşfiyyat-təxribat qrupunun Zəngilan istiqamətindən Azərbaycana daxil olaraq hansısa əməliyyat keçirmək niyyətinin qarşısı alınmasaydı, hansı hadisələrin baş verəcəyi heç kimdə şübhə doğurmur”.
Mərkəzin rəhbəri qeyd edib ki, Ermənistanın diversant qrupu Azərbaycan hərbçilərini öldürməyi planlaşdırsa da, bu təxribat Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən vaxtında aşkarlanıb: “Ermənilərin Azərbaycan ərazisində terror aktı və ya hansısa başqa təxribat törədəcəkləri tam məlum deyil. Ancaq bu diversiya aktı baş tutsaydı, onlar Azərbaycan ərazisinin dərinliyində də təxribat törədib dinc vətəndaşları hədəf götürə bilərdilər. Lakin məlum olan odur ki, Ermənistanın hərbi strukturu Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozaraq Zəngilan istiqamətindən ərazimizə kəşfiyyatçı qrup göndərib. Bununla da faktiki olaraq qarşıdurmanın daha da dərinləşməsinə sövq edən addım atıb”.
Onun sözlərinə görə, digər tərəfdən ehtimal odur ki, erməni kəşfiyyat qrupu birmənalı olaraq Azərbaycan ərazisində terror aktı da törədə bilərdi. Ümumiyyətlə, Ermənistan münaqişənin həlli ilə bağlı fəaliyyətində çox ciddi qeyri-adekvat münasibət göstərir və prosesi ləngitməyə yönələn addımlar atır. Ermənistanın baş naziri Nikol Paşinyan özü üçün “uğurlu lokal qələbə” ilə nəticələnəcək hərbi təxribata əl atmaq qərarına gəlib. Bununla o, həm daxili siyasi mövqelərini gücləndirəcəyinə, həm də Kişinyov görüşündən əvvəl danışıqlar fonunu pozacağına ümid edirdi. Sülh danışıqlarını uzatmaq Ermənistanın məlum taktikasıdır. Düşünürəm ki, proses elə bu şəkildə davam edərsə, artıq Azərbaycan da öz hərbi-siyasi mövqeyini nümayiş etdirəcək.
Hərbi şərhçi bildirib ki, bu hadisə ilə bağlı vasitəçi qurumlar və ölkələr çox sərt şəkildə məsələyə reaksiya verməlidirlər: “Hər halda baş verən hadisə münaqişənin yerindən alovlanmasına və sülh danışıqlarının dalana dirənməsinə gətirib çıxara bilər. Həm Avropa İttifaqı, həm də digər vasitəçi ölkələr həmin terror diversiya hərəkətləri ilə bağlı bəyanat yaymalı və Ermənistanı bu hadisəni törətdiyi üçün məsuliyyətə cəlb olunmasını tələb etməlidirlər. Əks təqdirdə həmin vasitəçilər Ermənistanın tərəfini tutmuş kimi səciyyələndirilə bilər”.