İQTİSADİYYAT
Ermənistanın turizm sektorunu canlandırma planı uğursuzluğa düçar olub
Bakı, 5 noyabr, AZƏRTAC
Dünya Səyahət və Turizm Şurasının (The World Travel & Tourism Council (WTTC) son məlumatlarına əsasən, turizm sektoru hazırda Ermənistanının ÜDM-nin 11,8 faizini formalaşdırır və ölkə üzrə mövcud işçi qüvvəsinin 12,5 faizi məhz bu sektorda çalışır. İqtisadiyyatın turizm sektorunun ümumi ixracdakı payı nəzərəçarpacaq dərəcədə böyükdür. Belə ki, son statistik məlumatlara görə, təxminən 1,3 milyard ABŞ dolları ixrac göstərici ilə turizm sektorunun ümumi ixracdakı payı 24 faizə bərabərdir. Bu isə onu deməyə əsas verir ki, ixrac edilmiş məhsul və xidmətlərdən daxil olan hər 100 dolların təxminən dörddəbiri məhz turizm sektorunun hesabına formalaşır.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynovun mövzu ilə bağlı şərhini təqdim edir.
Ermənistanda turizm sektorunun inkişafı əsasən xaricdən gələn turistlərdən asılıdır. 2019-cu ildə Ermənistanı 1,9 milyon turist ziyarət edib və bu turistlər də əsasən Rusiya, Avropa İttifaqı, İran və ABŞ-dan gələn turistlər olub. Bu ölkəyə son 2 ildə Rusiyadan hər il təxminən 500 mindən çox turist gəlib. Ümumilikdə isə Ermənistanı ziyarət edən turistlərin böyük əksəriyyəti xaricdə yaşayan erməni əsilli şəxslər olublar.
Cari ildə isə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə Ermənistanın turizm sektoru ciddi zərər edib. Belə ki, keçən illə müqayisədə Ermənistanın turizm sektorunun dövriyyəsi bu ilin ilk 6 ayı ərzində 90 faizdən çox azalıb. Təkcə cari ilin birinci rübündə bu sektorda təqribən 135 milyon dollar itki qeydə alınıb. Ermənistan hökuməti payız mövsümündə turizm sektorunun nisbətən canlanacağını proqnozlaşdırıb. Bu səbəbdən də cari ilin sentyabrından ölkə turizm xidmətləri göstərən sahələrin yenidən beynəlxalq turistlər üçün açıldığını elan edib. Lakin Ermənistanın sentyabrın 27-də Azərbaycana qarşı hücuma keçməsi və Ordumuzun əks-həmləyə başlaması işğalçı ölkənin turizm sektorunun inkişafı ilə bağlı planlarını alt-üst edib. Son məlumatların təhlili göstərir ki, Azərbaycan Ordusunun uğurlu zərbələrindən sonra hələ uzun müddət ərzində Ermənistanın turizm sektoru özünə gələ bilməyəcək. Çünki Ermənistan artıq beynəlxalq turistlər üçün çox riskli ölkəyə çevrilib. Hazırda bu ölkəyə turist adı altından ancaq xaricdən muzdlu döyüşçülər gələ bilər.
Qeyd etdiyimiz kimi, Ermənistanda turizm sektorunun çöküşü bu ölkənin xarici ticarət balansının formalaşmasına da mənfi yöndə ciddi təsir edəcək. Bu sahədə davam edən geriləmə onu deməyə əsas verir ki, yaxın gələcəkdə işğalçı ölkənin milli valyutasına - drama təzyiqlər artacaq. Nəticədə dramın digər valyutalar qarşısında dəyərinin azalması və milli valyutaya inamsızlığın artması müşahidə olunacaq. Turizmin geriləməsi həm də bu sektorda çalışan 125 min nəfərin böyük hissəsinin iş yerini itirməsi riskini ciddi şəkildə artırır.