DÜNYA


Ermənistanın xarici dövlət borcu ÜDM-in 66,5 faizinə çatıb

Tbilisi, 18 noyabr, AZƏRTAC

Ermənistanın xarici dövlət borcu əsaslı dərəcədə artıb. Hökumətin 2020-ci il üçün dövlət büdcəsi layihəsində xarici borcun ümumi daxili məhsulun (ÜDM) 49,5 faizinə enəcəyi proqnozlaşdırılmışdı. Lakin bu gözlənilənlərin əksinə olub və xarici dövlət borcu daha da artaraq ÜDM-in 66,5 faizinə bərabər olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Atom Candcuqanyan parlamentin iclasındakı çıxışı zamanı məlumat verib.

O, 2021-ci ilin dövlət büdcəsi layihəsini müzakirəyə təqdim edib və bildirib ki, gələn il dövlət borcunun ÜDM istehsalının ümumi həcminin 67 faizindən çox olmayacağı gözlənilir.

Onun sözlərinə görə, xarici borcun artmasına əsasən koronovirus pandemiyası səbəbindən alınan kreditlər səbəb olub.

O, gələn ildə də xaricdən kreditlərin alınacağını istisna etməyib. Bildirib ki, kreditlər yalnız məqsədli dövlət proqramları üçün alınacaq. Bu isə xarici borcun 32 milyard dram azalaraq 3 trilyon 247 milyard drama (6,7 milyard dollar) qədər azalmasına səbəb olacaq.

Bununla belə, hökumətin daxili borcu 209 milyard dram artaraq 1 trilyon 239 milyard dram (2,55 milyard dollar) təşkil edəcək.

Ermənistanın dövlət büdcəsinin gəlir və xərcləri də əsaslı dərəcədə azalıb.

Nazirin çıxışı və büdcə layihəsi müxalifət və əksər iqtidar yönümlü deputatlar tərəfindən ciddi tənqid olunub və etirazlara səbəb olub.

Deputatlar xaricdən alınan kreditlərin böyük hissəsinin hökumət rəsmiləri tərəfindən mənimsənildiyini, qalan hissəsinin isə başqa məqsədlər üçün xərcləndiyini, hökumətin korrupsiyaya mənbəyinə çevrildiyini bildiriblər.

Deputatların sözlərinə görə, xarici borcun ÜDM-in 60 faizindən yuxarı olması artıq ölkənin xarici dövlətlərin müstəmləkəsinə çevrildiyini sübut edir və bu faktiki olaraq Ermənistanın məhvi deməkdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.