SİYASƏT
Ermənistanın yeni hakimiyyəti ölkəni ağır vəziyyətdən qurtarmaq istəyirsə, gerçəkliyi dərk edib doğru qərar verməyi bacarmalıdır
Bakı, 8 iyun, AZƏRTAC
Ermənistanın yeni hakimiyyəti həqiqətən də ölkəni uzun illər ərzində düşdüyü ağır vəziyyətdən xilas etmək istəyirsə, ritorik, ambisioz fikirlərdən, süni imitasiyalardan kənarda durmalı, gerçəkliyi dərk edib doğru qərar verməyi bacarmalıdır. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda danışıqlar masasında ciddi tərəf kimi oturmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” Media Holdinqin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
B.Quliyev deyib: “Hazırkı hakimiyyət yenə də Serj Sarkisyanın sərsəm fikirləri ətrafında “bəyanatlar” verəcəksə, hərbi xunta rejiminin ideyalarını davam etdirəcəksə, bu zaman Ermənistan hazırkı vəziyyətdən də acınacaqlı vəziyyətə düçar olacaq, sürətlə məhvə doğru gedəcək. Paşinyan Azərbaycanın gücünü, qüdrətini nəzərə almalıdır. O bilməlidir ki, əgər Dağlıq Qarabağın danışıqlara cəlb edilməli olduğunu iddia edirsə, onda qondarma “Dağlıq Qarabağ respublikası”nın büdcəsinin formalaşmasında, sosial və s. təchizatında Ermənistanın iştirakına son qoymalıdır. Yəni o, doğrudan da qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqil subyekt” olduğunu iddia edirsə, bu zaman Ermənistan qoşunlarını oradan çıxarmalı, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmamalıdır. Məhz bundan sonra Azərbaycan Dağlıq Qarabağla hər hansı danışıqlar apara və problemi həll edə bilər. Azərbaycan isə separatçı “Dağlıq Qarabağ respublikası” ilə deyil, yalnız və yalnız Ermənistanla danışıqlar apara bilər. Çünki münaqişənin tərəfi Ermənistandır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır. Paşinyan bu reallıqları dərk etməlidir. Onun başqa bir çıxış yolu da yoxdur.
B.Quliyev qeyd edib ki, müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində Azərbaycan Prezidenti İlham Əliyev dünya ictimaiyyətinə və Ermənistan hakimiyyətinə çox ciddi mesajlar verdi. Dövlətimizin başçısı bildirdi ki, biz ardıcıl siyasət aparmaqla ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.