SİYASƏT


Ertəsi gün Zəfər müjdəli müharibə başlandı

Bakı, 21 sentyabr, AZƏRTAC

Ertəsi gün müharibə başlandı. Cəmi bir gün əvvəl adamların çoxu bilmirdi ki, həmin SABAHKI GÜNÜN ardınca Qarabağın erməni işğalçılarından azad edilməsi naminə çoxdan gözlənilən Vətən Müharibəsi başlanacaq, lap tezliklə regionda ərazi balansı əsaslı şəkildə dəyişəcək, siyasi koordinat sistemi yenidən qurulacaq, dünyanın böyük dövlətlərində Azərbaycanın hərbi-strateji təcrübəsini öyrənəcəklər. Sıravi vətəndaşlardan kimin ağlına gələrdi ki, cəmi 44 gündən sonra YENİ REALLIQ BAŞLANACAQ! SON 207 İLDƏ İLK DƏFƏ BİZ ÖZ ƏRAZİLƏRİMİZİ İTİRMƏDİK, ONLARI BƏRPA ETDİK. Xilaskar Prezident bütün dünyaya müraciətlə inamla bəyan etdi: “Heç bir status yoxdur! Status cəhənnəm oldu! Dağlıq Qarabağ yoxdur! Azərbaycanın inzibati rayonları var!”

AZƏRTAC xəbər verir ki, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənovanın məqaləsində bu məsələlərdən bəhs edilir.

AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.

Hələ sentyabrın 26-da və məşəqqətlərlə dolu 30 il ərzində bütün əvvəlki günlərdə, həftələrdə, aylarda, illərdə bütün Azərbaycan xalqı başqa reallıqda - əzəli Azərbaycan torpaqlarının 20 faizinin itirilməsini kədərli bir reallığa çevirmiş iri dövlətlərin və ermənipərəst beynəlxalq mərkəzlərin, ATƏT-in Minsk qrupunun təzyiqi altında yaşayırdı. Lakin dövlətimizin başçısının qətiyyəti bizə inam verirdi. O, bütün uca beynəlxalq tribunalardan qətiyyətlə bəyan edirdi ki, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Belə də oldu. O, haqlı olaraq beynəlxalq hüququn əsas prinsipinə – ölkənin ərazi bütövlüyünə riayət edilməsi prinsipinə istinad etdi. Prezidentin sarsılmaz mövqeyi ictimai mənlik şüurunun möhkəm pozitiv təməlini yaratdı. Bu mənəvi təmələ güvənən Azərbaycan əsgəri işğaldan azad edilmiş Füzulidən başlayaraq, keçilməz dağları aşaraq, Zəfər yolunu açdı və Şuşa qalasını aldı.

Ermənilərin təxribatlarına qarşı Azərbaycan ordusunun əks-hücum əməliyyatının lap əvvəlində aşkar görünürdü ki, düşmən fiaskoya uğrayacaq. 2020-ci il oktyabr və noyabr aylarının təqvimlərində ordumuzun qələbə günləri bütün dünya azərbaycanlılarının qəlbini qürur hissi ilə doldururdu. Artıq sentyabrın 27-də Füzuli və Cəbrayıl rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətindəki yüksəkliklər, oktyabrın 3-də Tərtər, Cəbrayıl və Füzuli rayonlarının 8 kəndi, oktyabrın 4-5-də Cəbrayıl şəhəri və yaxınlıqdakı 12 kənd, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi və yaxınlıqdakı 8 kənd azad edildi. Oktyabrın 14-dən 23-dək hər gün ordumuzun qələbə marşı barədə xəbərlər səslənirdi, Füzuli və Zəngilan şəhərləri, onlarca kənd azad edildi, Xudafərin körpüsü üzərində güclü və sarsılmaz Azərbaycanın bayrağı ucaldıldı. Bunun ardınca oktyabrın 25, 26, 28 və 30-da o vaxta qədər işğal altında qalan Qubadlı şəhəri və onlarca kənd azad edildi. Noyabrın əvvəlində Azərbaycan ordusu 100-dən çox kəndi öz qanuni sahiblərinə qaytardı, noyabrın 8-də müqəddəs Şuşa azad edildi. Beləliklə, BMT-nin dörd məlum qətnaməsini Azərbaycan özü həyata keçirdi. Prezident İlham Əliyev Azərbaycanın suverenliyinin qorunub saxlanması üçün öz konstitusion hüququndan istifadə etdi.

Azərbaycanın qələbəsi erməni hərbçilərini Ağdam, Laçın və Kəlbəcər rayonlarını siyasi yolla qaytarmağa məcbur edəndə, biz yeni reallığı daha aydın dərk etdik. O vaxt hamı Azərbaycanın Ali Baş Komandanın dəmir yumruğunun gücünə qəti inandı.

Dövlət başçısının öz çıxışlarında vurğuladığı kimi, “bu reallığı biz yaratdıq, Azərbaycan xalqı yaratdı. Biz əzmkarlıq, güc göstərdik. Bəli, biz gözləyirdik. Həyat göstərdi ki, ən düzgün məqam seçilib”.

Yeni reallığın mahiyyəti təkcə Azərbaycanın dünyada nüfuzunun qat-qat artmasından ibarət deyil. Azərbaycan ən uğurlu dövlətlər sırasında birinci yerdədir, çünki biz XXI əsrdə öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkə kimi məşhurlaşdıq. Bizim qurucu gücümüz, konstruktiv novasiyalara istiqamətlənməyimiz işğaldan azad edilmiş ərazilərdə həyatın dinamikasının dəyişməsinə dəlalət edir. Zəfər anı gəlib yetişəndən sonra sanki zaman da sürətlənib.

Erməni işğalçılar 30 il ərzində bu əraziləri qarət edir və dağıdırdı, biz isə qururuq, yeni həyat yaradırıq. Burada qeyri-adi heç nə yoxdur, çünki bu torpağın əzəli sahibləri bizik. Biz bu torpağı şumlayacaq, əkəcək və dirçəldəcəyik. Bu baxımdan, biz çoxkonfessiyalı və polietnik siyasi millətin sıx birliyinin təməli olan çoxəsrlik ənənələri, milli-mənəvi bütövlüyü əsas götürürük.

Söhbət eyni bir dövlətə mənsub olmasına görə sıx birləşmiş və mövcud hakimiyyəti ÖZÜNÜN hakimiyyəti kimi, onun mənafelərini tam ifadə edən hakimiyyət kimi tanıyan millətdən gedir. Xalq ilə iqtidarın birliyi, 50 siyasi partiyanın Azərbaycan Prezidenti ətrafında birləşməsi, qoşulmama hərəkatının üzvü olan ölkələrin qəti dəstəyi, bunun sayəsində Fransanın Qarabağ barədə planının BMT-də fiaskoya uğraması – bütün bunlar və ordu quruculuğu Azərbaycanın qələbəsini şərtləndirib.

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yol vasitəsilə birləşdirilməsinə yönəlmiş tarixi addım və müharibədən sonrakı bərpa çərçivəsində 14 iqtisadi rayon yaradılması yeni reallığın dominantıdır. İndi, ölkəmiz yeni eraya qədəm qoyduğu bir vaxtda haqlı olaraq siyasi gündəliyin əsas tezislərindən biri səslənir: ŞƏRQİ ZƏNGƏZUR AZƏRBAYCANDIR!

Azərbaycanın Zəfər ruhu müharibənin statistikasında da özünü göstərir: 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr savaş meydanında, şəhidlərimizin həyatı bahasına və ordumuzun rəşadəti sayəsində azad edilib.

Hər yerdə, Azərbaycanın hər bir guşəsində misilsiz qəhrəmanlıq salnaməsi yazılır. Şəhidlərin nurlu xatirəsi daim qəlbimizdədir. Birinci Qarabağ müharibəsində Azərbaycanın 12 mindən çox hərbi qulluqçusu şəhid olub, 4 minə yaxın insan itkin düşüb, İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub. Yeni dünya nizamı uğrunda, Qafqazda sülh uğrunda döyüşlər belə baha başa gəlib. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli sərəncamı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əlavələr haqqında Prezidentin 2021-ci il 17 iyun tarixli fərmanı, Ramanıda şəhid ailələri və müharibə əlilləri üçün 30 binadan, yeni məktəb və uşaq bağçasında ibarət yaşayış kompleksi, Şağan qəsəbəsində bərpa mərkəzi, 9 mindən çox şəhid ailəsinin və qazilərin dövlət hesabına mənzillərlə təmin edilməsi, müharibə əlillərinə 7 mindən çox avtomobil verilməsi – bütün bunlar Azərbaycanın bu sahədə də dünya miqyasında qabaqcıl mövqeyini müəyyən edib.

Azərbaycan müharibəni başlamayıb, lakin onu layiqli şəkildə, sülhməramlı çağırışla, qurucu sabitliklə başa çatdırıb. Bu gün müzəffər ordumuzun yazdığı tarix firavanlaşma, regionda davamlı və uzunmüddətli sülh və təhlükəsizlik yolunu seçmiş Azərbaycan üçün möhkəm təməldir.

Xoşbəxtlikdən, sabah artıq müharibə başlamayacaq, çünki Zəfər bizi yeni eraya – işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası erasına yaxınlaşdırıb. 27 sentyabr günü Azərbaycanın ən yeni tarixinə Anım Günü kimi həmişəlik daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.