SİYASƏT


Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir

Tallinn, 17 may, AZƏRTAC

Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni rəhbəri Sven Sesterlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və gündəmdə olan məsələlər, son zamanlar ikitərəfli münasibətlərdə müşahidə olunan dinamika, ölkələrimizin parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları və perspektivləri müzakirə olunub.

Səfir M.Nəcəfbəyli Azərbaycan ilə Estoniya arasında iqtisadi əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılmasının əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, Azərbaycanın və Estoniyanın parlamentləri arasında sıx əlaqələr mövcuddur və bu əməkdaşlıq davam edəcək.

Sven Sester Estoniyanın Azərbaycan ilə münasibətlərə önəm verdiyini bildirərək, Azərbaycan-Estoniya parlamentlərarası işçi qrupu ilə uğurlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb. Bu baxımdan o, parlamentlərarası qruplar, habelə həmin qrupların rəhbərləri arasında görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edək ki, S.Sester Estoniya Parlamentinin iqtisadiyyat məsələləri üzrə komissiyasının sədridir. 2015-2017-ci illərdə Estoniyanın maliyyə naziri vəzifəsində çalışan S.Sesterin üzvü olduğu “İsamaa” partiyası Mərkəzçilər və Estoniyanın Konservativ Xalq Partiyası ilə birlikdə hazırkı hökumət koalisiyasına daxildir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.