DÜNYA
Estoniya beynəlxalq təşkilatlara 800 min avrodan çox vəsait ayıracaq
Tallinn, 10 oktyabr, AZƏRTAC
Estoniya gələn il Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına dəstək məqsədilə 75 min avro, UNICEF-ə 150 min avro və BMT-nin Əhali Fonduna 60 min avro ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin saytında yayılan sənəddə bildirilir.
Gələn il 30 min avro BMT Baş katibinin münaqişələrdə seksual zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsinin fəaliyyətinin dəstəklənməsinə, 50 min avro BMT-nin qanunun aliliyi və münaqişələrdə seksual zorakılıq məsələləri üzrə ekspertlər qrupuna və 30 min avro BMT Baş katibinin silahlı münaqişələr zamanı uşaqların qorunması məsələləri üzrə xüsusi nümayəndəsi üçün ayrılacaq.
Estoniya BMT-nin Yerli Xalqlar üçün Könüllü İanələr Fonduna 20 min avro, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinə 5 min avro və “Transparency International” qlobal antikorrupsiya koalisiyası üçün 40 min avro ayırıb.
Vəsait Xarici İşlər Nazirliyinin bu il üçün nəzərdə tutulan inkişaf və humanitar yardım fondundan ayrılacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn