DÜNYA
Estoniya miqrantlar üçün kvotanı azaldır
Tallin, 12 sentyabr, AZƏRTAC
Estoniya hökuməti 2020-ci il üçün nəzərdə tutulmuş miqrant kvotasını azaldacaq.
AZƏRTAC xəbər verir ki, gələn il ölkə cari ildəkindən bir nəfər az miqrant qəbul edəcək.
Estoniyanın Daxili İşlər naziri Mart Xelme jurnalistlərə açıqlamasında bildirib ki, 2020-ci ildə ölkə 1314 miqranta yer verəcək. Həmçinin miqrantlara ölkədə qalmaları üçün icazə verilməsi şərtlərində də bəzi dəyişikliklər nəzərdə tutulub. Onların şəxsi işlərinə baxılarkən ölkəyə gəlmə səbəbləri və müddəti ciddi şəkildə nəzərə alınacaq. Yüksək ixtisaslı şəxslərə üstünlük veriləcəyi də istisna olunmur.
Estoniya, həmçinin Ukraynadan gələn miqrantlara vizasız rejim də tətbiq edəcək. Bu addımın əsas səbəbi eston xalqının sayının azalması və ölkədə ixtisaslı kadr çatışmazlığıdır. Hazırda ölkədə səhiyyə, təhsil, informasiya və rabitə, istehsalat və nəqliyyat sahəsində ciddi mütəxəssis çatışmazlığı müşahidə olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin