DÜNYA
Estoniya sovet işğalından dəyən zərəri hesablayıb
Tallinn, 16 oktyabr, AZƏRTAC
Estoniya Ədliyyə Nazirliyi nəzdindəki komissiya Sovet İttifaqının işğalından ölkəyə dəyən zərərin miqdarını hesablayıb.
AZƏRTAC xəbər verir ki, komissiya zərəri təqribən 1,2 milyard avro həcmində dəyərləndirib.
Komissiyanın sədri, tarixçi Toomas Xiyo hesab edir ki, Estoniya dəyən zərərin öyrənilməsi və təzminat barədə tələblərdən imtina edə bilməz. Çünki bu, SSRİ-yə könüllü olaraq birləşməyi etiraf etmək kimi başa düşülə bilər.
T.Xiyo deyib: “Beynəlxalq hüquq bizə işğalla bağlı itkilərə görə zərərin ödənməsi barədə iddia qaldırmağa imkan verir. Keçmişdə də bunu bir neçə dövlət edib. Sovet İttifaqı Estoniyanı 1940-cı ildə işğal edib və işğalçı hökumət işğal dövrü üçün cavabdehlik daşıyır. Zərərin ödənməsindən imtina Sovet İttifaqına könüllü olaraq birləşməyi etiraf etmək kimi başa düşülə bilər. Belə olan halda sovet hakimiyyətinin qurbanı olan on minlərcə vətəndaş unudulacaq və işğalçı hakimiyyətə qarşı mübarizə aparan insanların fəaliyyətinin mənasız və gərəksiz olması etiraf ediləcək”.
Ədliyyə naziri Urmas Reynsalunun sözlərinə görə, bir çox itki pul ilə ölçülə bilməz. Məsələn, dövlətçiliyin, mədəniyyətin, təhsilin, sərbəst cəmiyyət inkişafının dağıdılması. Reynsalu hesab edir ki, dəymiş ziyanın hesablanması məsələsini davam etdirmək vacibdir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn