ELM VƏ TƏHSİL
Estoniyada dünya startapçılarının görüşü keçirilir
Tallinn, 22 noyabr, AZƏRTAC
Noyabrın 21-də Estoniyanın Avropa İttifaqına (Aİ) sədrliyi dövründə startapçıların ən böyük görüşü başlayıb. “Startup Nations Summit” adlanan tədbirə 60-dan çox ölkə startaplarının nümayəndələri və bu siyasəti formalaşdıran xadimlər qatılıblar.
AZƏRTAC xəbər verir ki, təşkilatçıları Estoniya İqtisadiyyat və Kommunikasiya Nazirliyi və “Global Entrepreneurship Network” olan tədbirin əsas mövzusu texnoloji innovasiyalar vasitəsilə hökumətlər və müəssisələr arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Nazirliyin mətbuat katibi bildirib ki, “Startup Nations Summit”də müzakirələr və çıxışlarla yanaşı, “Policy Hack” hakatonu da keçiriləcək. Tədbirdə 8 hökumətdən 9 komanda iştirak edəcək. Hər hökumət nümayəndəsi Estoniyaya novator siyasətin yaradılması ideyası ilə gələcək. Onlar Estoniyadan yeni siyasi təşəbbüslər üçün real planlarla ayrılacaqlar. “Policy Hack” hakatonunun sonuncu mərhələsi ev sahibi olan ölkənin iştirakçıları üçün keçiriləcək. Yerli startapçılar Estoniyada işlənib hazırlanmış ideyaların bu ölkənin qanunvericilyində tətbiqinə başlayacaqlar.
Bu, dünyada ilk belə təşəbbüsdür. “Policy Hack” hakatonunda Türkiyə, Almaniya, Niderland, Meksika, Çili, Misir, Qvatemala komandaları, həmçinin Estoniyanın iki komandası iştirak edəcəklər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn