DÜNYA
Estoniyada əczaçılar da əhalinin vaksinasiyasına cəlb oluna bilər
Tallin, 15 fevral, AZƏRTAC
Estoniya hökuməti aptekləri vaksinasiya proqramına daxil edərsə, əczaçılar dərhal 9 şəhərdəki 50 aptekdə COVID-19-a qarşı vaksinasiyaya başlamağa hazırdır.
AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Apteklərin Əczaçılıq Birliyi (EPAL) yayıb.
Apteklərin Əczaçılıq Birliyi (EPAL) hesab edir ki, apteklərin və əczaçıların COVID-19 ilə mübarizəyə cəlb edilməsi yüklənmiş ailə həkimləri mərkəzlərinə əhəmiyyətli dəstək verə və hökumətə əhalinin ümidlərini doğruldan kütləvi vaksinasiya prosesini sürətləndirməyə kömək edə bilər. EPAL bir çox Avropa ölkəsində olduğu kimi, əczaçıların da gələcəkdə müvafiq təlimlərdən sonra əhalinin vaksinasiyasının həyata keçirilməsinə töhfə verə biləcəklərini güman edir.
EPAL bildirib ki, son üç il ərzində apteklərdə səhiyyə işçiləri ilə birgə qrip və gənə ensefalitinə qarşı peyvənd işləri aparılmışdı, bu isə əhalinin immunizasiya səviyyəsini xeyli artırmışdı. EPAL əczaçıların vaksinasiyaya dair lazımi bilik və bacarıqlara yiyələnmələrini, bununla da onların Estoniyanı gözləyən epidemiyalara qarşı payız mövsümünədək yüksək səviyyədə hazır olmalarını təmin edəcək təlim proqramının qısa zaman ərzində işlənib hazırlanmasını və tətbiq edilməsini vacib hesab edir.
Qeyd edək ki, Estoniyadakı mövcud qanunvericiliyə əsasən, vaksinasiya yalnız müəyyən tibb işçiləri tərəfindən həyata keçirilə bilər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin