SİYASƏT
Estoniyada müxtəlif xalqların bazar günü məktəblərinin şagirdləri üçün yay düşərgəsi təşkil edilmişdir
Tallin, 20 iyul (AZƏRTAC). Ruxnu adasında təşkil edilmiş yay düşərgəsində Estoniyada yaşayan müxtəlif xalqların gənclərinin nümayəndələri toplaşmışdır. Bu gənclər bazar günü məktəblərində milli dilləri və mədəniyyətləri öyrənirlər.
Estoniyadakı milli azlıqların bazar günü məktəblərinin müəllimləri birliyinin təşəbbüsü Təhsil və Elm Nazirliyi tərəfindən dəstəklənmişdir. Azərbaycan, Dağıstan, rus, Ukrayna və erməni bazar günü məktəblərinin şagirdləri ilk dəfə olaraq birgə istirahət etmək və birgə tədbirlər keçirmək üçün toplaşmışdılar.
Yay düşərgəsinin proqramı çox zəngin və rəngarəng idi. Bazar günü məktəblərinin şagirdləri Estoniyadakı qədim taxta kilsəyə və sahilyanı bölgədə yaşayan isveçlilərin muzeyinə getmiş, adaya yürüş etmiş, öz mənşə ölkələrinin mədəniyyəti haqqında viktorinaların suallarına cavab vermiş, bu ölkələr haqqında filmlərə baxmış, öz əlləri ilə müxtəlif bəzək əşyaları düzəltmiş, xalq oyunlarını oynamış, milli xörəklər, o cümlədən Azərbaycan şirniyyatı, rus fəsəlisi və Ukrayna varenikləri hazırlamışlar.
Yay düşərgəsinin iştirakçılarının bir-biri ilə ünsiyyət saxlaması üçün onlar eston, ingilis, Ukrayna, rus və Azərbaycan dillərindən istifadə edirdilər. Düşərgənin proqramına daxil olan tədbirlərin çoxu Ruxnu adasındakı Xalq Evinin binalarında təşkil edilmişdir.
Yay düşərgəsinin mədəni proqramı böyük qala-konsertlə başa çatmışdır. Bu konsertdə bazar günü məktəblərindən hər birinin nümayəndələri özlərinin vokal və rəqs qabiliyyətlərini nümayiş etdirmişlər. Düşərgənin təşkilatçıları tərəfindən sonuncu gündə çəkilmiş videomüsahibədə Ruxnu adasına səfərin demək olar ki, bütün iştirakçıları gələn il yenidən görüşmək ümidində olduqlarını bildirmişlər.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin