SİYASƏT
Estoniyada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO








Tallin, 11 may, AZƏRTAC
Azərbaycanın Estoniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Estoniyada akkreditə olunan bir sıra diplomatik nümayəndəliklərinin başçıları və əməkdaşları, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Mihail Korb, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və səfirlikdə quraşdırılmış guşənin qarşısına tədbir iştirakçıları tərəfindən tər gül dəstləri düzülüb.
Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi Vətən qarşısında misilsiz xidmətlərindən danışıb.
Səfir Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu, bütün ömrünü xalqın və vətənin rifahına, inkişafına həsr etdiyini, məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb.
Ümummilli Liderin rəhbərlik etdiyi illərdə uğurla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzunun daha da artdığını, müstəqilliyimizin əbədi və dönməz olmasında Ulu Öndərin müstəsna xidmətlərini qeyd edən səfir vətənimizin ən çətin vəziyyətində və faciə qarşısında olduğu bir zamanda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, uzaqgörənliyi və müdrik siyasəti sayəsində ölkəmizin dayanıqlı inkişafının təmin olunduğunu vurğulayıb.
Səfir bildirib ki, Ulu Öndərin qətiyyətli mövqeyi nəticəsində banisi olduğu neft strategiyasının tərkib elementləri olaraq “Əsrin müqaviləsi” sazişi imzalanıb, eləcə də Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi irimiqyaslı regional layihələr həyata keçirilib.
Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə region ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurulduğu, bir sıra ölkələrlə münasibətlər strateji səviyyəyə çatdırıldığı xüsusi olaraq vurğulanıb. Azərbaycan-Türkiyə münasibətlərinə daima xüsusi önəm verən Heydər Əliyev onları “Bir millət, iki dövlət” kimi səciyyələndirdiyi diqqətə çatdırılıb. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu siyasətin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gündən-günə artdığı və regional liderə çevrildiyi qeyd olunub.
Estoniya parlamentində Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Mihail Korb Heydər Əliyevin dahi şəxsiyyət olduğunu, Azərbaycanın və regionun gələcək inkişafındakı mühüm rolunu, eləcə də Azərbaycanda səfərdə olduğu zaman Azərbaycan xalqının Heydər Əliyevə bəslədiyi böyük rəğbətin və dərin hörmətin şəxsən şahidi olduğunu vurğulayıb.
Tədbirin davamı olaraq, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Sonra, tanınmış eston skripka ifaçısı xanım Mari-Lis Uibo tərəfindən lirik musiqi parçaları ifa edilib. Daha sonra, tədbir iştirakçıları səfirlikdə ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş foto və kitab sərgisinə baxıblar.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin