SİYASƏT
Estoniyada yaşayan məşhur həmyerlimizin 60 illik yubileyi qeyd edilmişdir

Bakı, 28 aprel (AZƏRTAC). AZƏRTAC Estoniyanın Rus İcmasının portalına istinadla xəbər verir ki, 2012-ci il aprelin 27-də Estoniyadakı Azərbaycan Kukla Teatrının rəhbəri Rauf Avşarovun 60 yaşı tamam olmuşdur.
Bu əlamətdar hadisə Estoniya Respublikasının hüdudlarından uzaqda da məşhur olan Estoniyadakı Azərbaycan Kukla Teatrının yaradılmasının 15 illiyi ilə eyni vaxta düşmüşdür. Yubileylər münasibətilə Rauf Avşarova Estoniyanın mədəniyyət naziri Reyn Lanqın imzası ilə təşəkkürnamə təqdim edilmişdir.
Rauf Avşarovun kukla teatrı uzun illərdir ki, həm Estoniyada, həm də onun hüdudlarından kənarda gənc tamaşaçıları sevindirir. 2011-ci ilin axırlarında bu teatr Bakıda keçirilən Birinci Beynəlxalq Kukla Teatrları festivalında iştirak etmişdir. Teatrın kollektivi Bakıda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında hazırlanmış “Xəsisin toyu” (“Məşədi İbad”) tamaşasını nümayiş etdirmişdir. Tamaşaçıların böyük rəğbətini qazanmış bu əsəri festivalın münsiflər heyəti də yüksək qiymətləndirmişdir.
Hazırda Rauf Avşarov Estoniya Mədəniyyət Nazirliyinin qismən maliyyə dəstəyi ilə “Qız qalası” adlı yeni tamaşa hazırlayır. Bu tamaşa həm də eston dilində göstəriləcəkdir. Beləliklə, azərbaycanlı sənətçi öz xalqının mədəniyyətinin qorunub saxlanmasında fəal iştirak etməklə yanaşı, həm də Estoniyanın vahid mədəni məkanının zənginləşməsinə sanballı töhfə verir.
Rauf Avşarovun Kukla Teatrı 1996-cı ildə yaradılmış və elə həmin il fəaliyyətə başlamışdır. Teatrın rəhbəri Rauf Avşarov Gəncədə, Azərbaycanın Xalq Artisti Muxtar Avşarovun ailəsində doğulmuşdur.
Estoniya kukla səhnəsinin ustası, Tallin Kukla Teatrının birinci baş rejissoru Ferdinand Veyke və kukla işinin tanınmış ustası Mart Ayanın sayəsində Raufun kuklalar aləmi ilə tanışlığı çox uğurlu olmuşdur. 2006-cı ildə Rauf Avşarova Azərbaycanın Əməkdar Artisti adı verilmişdir.